Avropada koronavirusa qarşı ən çox peyvənd İtaliyada tətbiq olunub

11 Yanvar 2021 07:21

İtaliyada koronavirusa qarşı peyvəndlənən şəxslərin sayı artıq yarım milyon nəfəri ötüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 10-dək ölkədə 583 min 50 nəfərə vaksinasiya kampaniyası çərçivəsində peyvənd vurulub. Bununla da İtaliya Avropa İttifaqı ölkələri arasında koronavirusa qarşı ən çox peyvənd tətbiq olunan ölkə olub və ölkənin müxtəlif regionları üzrə paylanmış peyvənd dozalarının 63,5 faizi artıq istifadə edilib.

Ölkənin səhiyyə qurumlarının verdiyi məlumata görə, gündəlik peyvənd hədəfi 70 min nəfərə çatdırılmalıdır və hazırda peyvənd vurulan şəxslərin orta yaş həddi 50-59 arasındadır.

Baş nazir Cüzeppe Konte kampaniyanın ilkin mərhələsindən məmnunluq ifadə edərək, qarşıdakı aylarda mürəkkəb olaraq qalacaq bu vəziyyətin öhdəsindən gəlmək üçün hazırkı tempin qorunub saxlanmasının vacibliyini vurğulayıb.

İtaliyada əhalinin peyvənd kampaniyasında iştiraka təşviq edilməsində Roma Papası Fransisk də mühüm rol oynayıb. O, möminlərə ünvanladığı müraciətlərində kampaniyanı ciddiyə almağa və iştiraka çağırışlar edib. Roma-katolik kilsəsinin rəhbəri yerli telekanallara verdiyi müsahibədə bildirib ki, insanlar aktiv şəkildə peyvənd vurdurmalıdırlar, bu prosesdən yayınmaq onun üçün "intihara bərabər imtina"dır və bu cür addım atanları anlamaq mümkün deyil. 84 yaşlı Papa bildirib ki, növbəti həftə Vatikanda təşkil olunacaq vaksinasiya prosesində iştirak edəcək və koronavirusa qarşı peyvənd vurduracaq.

Milli.Az