Avokadonun orqanizm üçün faydası açıqlandı

12 Yanvar 2021 20:55

ABŞ alimləri artıq çəki və piylənmədən əziyyət çəkən 25-45 yaşa qədər 163 insan arasında avokadonun orqanizmə təsirini tədqiq ediblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, könüllülər iki qrupa bölünüb. Birinci qrup hər gün səhər, nahar və şam yeməyinə avokado yeyib. Digər qrup avokadonun əlavə edilmədiyi yeməklərlə qidalanıb.

Sınaq 12 həftə davam edib. Bu vaxt ərzində alimlər iştirakçıların qan, sidik və nəcis analizlərini tədqiq ediblər.

İnsanlarda mütəmadi olaraq avokado istifadəsi səbəbindən nəcisdəki öd turşularının konsentrasiyası azalıb. Eyni zamanda orqanizmdə xərçəngdən və digər iltihablardan qorunmaq üçün vacib olan yağ turşularının tərkibi artıb.

Bundan başqa, alimlər müəyyənləşdiriblər ki, avokado həzmə və bağırsaq mikrobiotasının metabolik funksiyalarına müsbət təsir edən bakteriyaların miqdarını artırır.

Avokadonun aclıq çəkmədən arıqlamaq üçün də faydalı olduğu məlumdur. Tərkibində ürək və yaddaş üçün doymamış yağlar olan bu meyvə insanı uzun müddət tox tutur. Avokadolarda həmçinin iştahı nəzarətdə saxlamağa kömək edə biləcək lif mövcuddur. Bəzi elm adamları hətta avokadoların qarın yağının yığılmasını dayandırdığını da iddia edirlər.

Milli.Az