Elon Musk SpaceX-in Super Heavy raketi üçün yeni eniş üsulu fikirləşib

10 Yanvar 2021 20:55

SpaceX-in digər kosmik şirkətlər qarşısında əsas üstünlüyü ondan ibarətdir ki, o, Falcon 9 raketlərini təkrar istifadə etmək imkanına sahibdir. Bunun üçün şirkət xüsusi eniş ştanqlarından istifadə edir. Lakin Falcon 9-un daha ağır versiyası olan Super Heavy raketi üçün Elon Musk daha fərqli üsul fikirləşib. Söhbət, raketin ilk pillələrinin qüllə vasitəsilə tutulmasından gedir. Bu barədə Techcrunch saytı xəbər verib. Raketlərin təkrar istifadəsinin iqtisadi faydası açıq aydın ortadadır.

Super Heavy adlı ağır raket halında SpaceX şirkəti təkrar uçuşlarda sərf olunan vəsaitlə yanaşı həmçinin cihazın çəkisini də azaltmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, Super Heavy ağır raketi Starship layihəsi çərçivəsində hazırlanır və yaxın gələcəkdə o, Starship kosmik gəmisini Yer kürəsinin orbitinə qaldırmalı olacaq. Kosmik gəminin suborbital uçuş testləri artıq keçirilir.

Dekabr ayının əvvəlində o, 12.5 km hündürlüyə qalxmış, lakin eniş edən zaman eniş platformasında plartlamışdı. SpaceX-in təsisçisi Elon Musk, Super Heavy ilə bağlı yeni ideyasını öz Twitter hesabında paylaşıb. "Biz, Super Heavy raketini start qülləsinin oxu vasitəsilə tutmağa cəhd göstərəcəyik. Bu cür üsulun əsas mənfi cəhəti uçuş manevrlərinin qəlizliyidir. Lakin bu cür üsul raketin çəkisi ilə xərclərini aşağı salmaqla yanaşı həmçinin eniş ştanqlarından imtina etməyə də imkan yaradacaq" - deyə Musk bildirib.

Milli.Az