Bütün paketin dəyəri, təxminən 3,5 milyard avrodur. "Borular və boru armaturu kimi hazırlanması uzun müddət tələb edən mallar boru kəmərinin inşası üçün təməl daşlarıdır və əsaslı xərclərin mühüm hissəsi onun payına düşür. Texniki şərtlərə uyğunluğun ilkin qiymətləndirilməsi prosesi ixtisaslı şirkətləri müəyyən edəcək və uğurlu tədarük üçün əsasdır", - Nabucconun icraçı-direktoru Reynhard Mitçek bildirib.
Texniki şərtlərə uyğunluğun ilkin qiymətləndirilməsi prosesi Nabucco konsorsiumu üçün təchizatçı bazarını dünya səviyyəsində qiymətləndirməyə imkan verəcəkdir. Potensial təchizatçıların marağı birinci gündən indiyədək çox yüksək olmuşdur. Texniki şərtlərə uyğunluğun ilkin qiymətləndirilməsi başa çatdıqdan sonra, Nabucco müvafiq tenderə başlamaq fikrindədir. "Hazırlanması uzun müddət tələb edən mallar üçün texniki şərtlərə uyğunluq tikinti işlərinə 2011-ci ilin sonunda başlamaq üçün mühüm bir addımdır", - Mitçek deyib.
Tikinti qrafikinə uyğunluğu təmin etmək üçün kəmər boruları, boru armaturu və dirsəkləri də daxil olmaqla, bu paket üçün tələb olunan malları əvvəlcədən sifariş etmək lazımdır. Bu materialların texniki xarakteristikaları injinirinq şirkətləri tərəfindən qəbul edilmiş beynəlxalq standartlara uyğun olaraq hazırlanmışdır və texniki şərtlərə uyğun müvafiq tədarükün edilməsini müstəqil üçüncü tərəf həyata keçirəcək. Digər tərəfdən, layihənin birinci mərhələsi üçün marşrut dəhlizinin seçilməsi bu yaxınlarda başa çatdırılmışdır. Özgə ərazisindən keçmək hüququnun, ətraf mühitə və sosial təsirin qiymətləndirilməsinin aparılmasına icazə alınması prosesi və Nabucco layihəsi ölkələrində tikintinin aparılması üçün icazə alınması hal-hazırda davam edir.
Nabucco layihəsi Türkiyə, Cənub-Şərqi Avropa və Mərkəzi və Qərbi Avropanın təbii qaz təchizatının təhlükəsizliyinə əsaslı töhfə verəcəkdir. Bu boru kəməri Avropa istehlakçılarına yeni qaz mənbələrindən istifadə etməyə imkan verəcək və beynəlxalq qaz bazarlarında rəqabətə kömək edəcəkdir. Nabucco qaz boru kəməri Türkiyədən başlayaraq, Bolqarıstan, Rumıniya və Macarıstan ərazilərindən keçməklə Vyanaya - Baumqarten qazpaylayıcı qovşağın yaxınlığınadək 3300 km-dən artıq bir məsafəyə uzanacaq. Hazırda boru kəməri səhmdarları OMV Gas&Power, MOL, Transgas, Bulgarian Energy Holding, BOTAS və RWE şirkətləridir. Boru kəmərinin planlaşdırılmış gücü işlənmənin son mərhələsi üçün 31 milyard kubmetrdir. 2008-ci ilin yayında aparılmış qiymətləndirilməyə əsasən, layihəyə ümumi sərmayə qoyuluşu 7,9 milyard yevrodur. Boru kəmərinin tikintisinə 2011-ci ildə başlanacaq və kəmərə birinci qaz 2014-cü ildə vurulacaq.