Sevda Yahyayeva 1886 insanın əlindən tutacaq - VİDEO - FOTOSESSİYA
14 Yanvar 2012 12:40
Fevralın 18-də Azərbaycan şou-biznesində ən iddialı xanım müğənnilərindən biri Sevda Yahyayeva ölkənin əsas səhnəsi hesab edilən Heydər Əliyev Sarayında "Tut əlimdən" adlı sayca üçüncü hesabat konserti ilə pərəstişkarları qarşısına çıxacaq. Konsert proqramının bəzi detallarını açıqlamaqdan ötrü sənətçi Milli.Az-ın suallarını cavablandırmaqda maraqlı oldu:
- Bəstəkar Vüqar Camalzadə və onun rəhbəri olduğu musiqiçi qrupu ilə birlikdə artıq qızğın məşqlərə başlamışıq. Repertuara gəldikdə isə həm öz mahnılarım, həm də heç vaxt eşidilməmiş musiqilər ifa edəcəyəm. Sürprizlərdən biri isə gürcü vokal müəllimi Mziya Qambaşidzenin köməyi ilə iki əcnəbi mahnını da oxuyacağımla bağlıdır. Qarşıma bir məqsəd qoymuşam ki, ifa edəcəyim bütün mahnılara ayrı-ayrılıqda xüsusi rəqs nömrələri hazırlayım. Bunun üçün xoreoqraf Nailə xanımın rəqs qrupunun rəqqaslarını da məşqlərə cəlb etmişik. Canlı ifa etmək nə qədər çətin və məsuliyyətli olsa da bütün mahnılara sinxron rəqslər qururuq. Digər sürprizləri açıqlamaq istəmirəm, bir sözlə, əsl şoudan ibarət bir konsert üzərində çalışırıq.
- Sevda, istəməsəniz də konsert gününə qədər "haradadır Sevdada özünə bu qədər əminlik ki, sarayda çıxış etməkdən çəkinmir, bilet satışı ilə proqram hazırlayır" kimi sualları cavablandırmaq məcburiyyətində qalacaqsınız... Bəlkə indidən ilk cavabınızı eşidək?
- Ola bilər, kimlərinsə ürəyindən bu sual keçsin. Özüm bu qənaətdəyəm ki, səhnədə yaşıdlarım arasında ancaq yaradıcılıq yenilikləri etməyə can atıb, layihələr üzərində çalışıram. Yaşımın az olmasına baxmayaraq, bunu etmək əzmindəyəm. Bilet satışına gəldikdə isə, yadınızdadırsa, ötən ilin yayında şəhər restoranlarının birində "Yuxu" adlı solo-konsertlə çıxış etmişdim. Məkan 600 nəfərlik olsa da biletlərin qısa müddətdə satılması və istək olduğu üçün əlavə 100 nəfərlik yerin açılması, eləcə də konsert günü yüzdən artıq insanın yer olmaması səbəbindən geri qayıtması, özümə əminliyimi daha da möhkəmləndirdi.
Digər səbəbi isə ifa etdiyim mahnıların qısa zaman ərzində hit-paradlarda öz layiqli yerini tutması ilə əlaqəlidir. Əgər insanlar ifama qulaq asırlarsa və pərəstişkarlarımın sayında günbəgün çoxalmalar özünü göstərirsə, nə üçün bilet satmamaq qorxusu yaşamalıyam? Əminəm ki, konsertimə gəlməklə insanlar yenə öz dəstəklərini əsirgəməyəcəklər.
- Heydər Əliyev Sarayında çıxış etmək həm də bir kübarlıq rəmzidir. Sarayın əzəməti və bu vaxta qədər yalnız peşəkar musiqiçilərin bu səhnədə çıxış etməsi faktoru sizi qorxutmur ki?
- Əksinə, daha da sevindirir. Azərbaycanın əsas konsert salonunda çıxış etmək istəyi mənim ən böyük arzularımdandır. Və Heydər Əliyev Sarayının səhnəsinə qədər çox uzun yol keçdim. İlk konsertim xalq artisti Teymur Göyçayevin rəhbəri olduğu Qara Qarayev adına Kamera Orkestrinin müşayiətilə Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutdu. O zaman 23 yaşlı gənc bir qız üçün bu çox böyük hesabat idi. Həmin ərəfədə risk etdim də deyə bilərəm.
Ardınca "Yuxu" solo-proqramımı təqdim etdim. Get-gedə özümə inamım daha da möhkəmləndi. Və ən böyük istəyimə doğru, saray səhnəsində oxumağın məsuliyyətini dərk edib, qərarımı qətiləşdirdim. Bu işdə prodüserim Pərviz Əsgərovun da zəhmətini məxsusi olaraq qiymətləndirmək istəyirəm. Təşkilatı işlərlə şəxsən özü məşğul olur. Fürsətdən istifadə edib, ona xüsusi təşəkkür edirəm. Ümumilikdə isə öz işlərini yaxşı bilən 15 nəfərə yaxın peşəkar insanlardan ibarət işçi qrupu formalaşıb. Dəstək olduqlarına görə hamıya minnətdarlığımı bildirirəm. Sarayın bir özəlliyi də odur ki, səhnədə müğənnidən yalnız canlı ifa tələb olunur. Ümidvaram ki, bu sınaqdan da üzüağ çıxacağam.
- Yəqin, fəxri qonaqlar kimi şou-biznesdə olan dostlarına dəvətnamə göndərməyi də unutmayacaqsan.
- Səhnədə yalnız özüm çıxış edəcəyim üçün bu günə kimi mənə dəstək olan müğənni və musiqi dostlarımı tamaşaçı qismində konsertimə dəvət edəcəyəm. Bilirəm ki, onların sayı kifayət qədərdir. Və hamısı öz gəlişləri ilə mənəvi dəstəklərini əsirgəməyəcəklər.
- Konsertinizin adı da fərqlidir, "Tut əlimdən" mahnınızın sözlərindən əsas vurğu. 1886 nəfərlik tamaşaçı tutumu olan sarayda bu qədər sevəninizin əlindən necə tutacaqsınız?
- Bu güc məndə var. Sevənlərimin sayı bu rəqəmdən onlarla çox olsa da çalışacağam ki, iştirak edəcək bütün tamaçıların əlini sıxım. Çünki zamanında məhz o insanların əksəriyyəti əlimdən tutub, köməyim olub. Maraqlı konsert təqdim etməklə bu borcu qismən də olsa, qaytaracağıma ümidliyəm...
Sevilən müğənniyə uğurlar arzulayıb, redaksiyamızın fotobazasından "Yuxu" adlı konsertindən çəkilmiş ən maraqlı fotoları diqqətinizə çatdırırıq. Onu da bildirək ki,
Sevda Yahyayevanın vəd verdiyi möhtəşəm solo-konsertinin informasiya dəstəyi Milli.Az-a məxsusdur.
Şahin Cavadsoy
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.Fotolar müəllifindir.