Əhməd Davudoğlu: “Türkiyə-Ermənistan sərhədləri açıldığı kimi, Azərbaycan-Ermənistan sərhədləri də açılacaq”
26 Aprel 2010 14:33
Milli.Az xəbər portalı "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu parlamentdəki çıxışında deyib. Onun sözlərinə görə, bununla paralel olaraq, Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi şərtilə Ermənistan-Azərbaycan münaqişəsi də həll olunacaq: "Bununla da Türkiyə-Ermənistan sərhədləri açıldığı kimi, Azərbaycan-Ermənistan sərhədləri də açılacaq. Bu, o deməkdir ki, Ərzurumdan Orta Asiyaya doğru bir dəhliz açılacaq". Türkiyənin xarici işlər naziri bildirib ki, bundan sonra atılacaq addımlarla bağlı Türkiyə və Azərbaycan arasında koordinasiya mövcuddur. O, bəyan edib ki, heç nə Türkiyə-Azərbaycan dostluğuna zərbə vura bilməz: "Bunu hamı bilməlidir. Önümüzdəki günlərdə Rusiya prezidenti Dmitri Medvedev Türkiyəyə gələcək. Səfər zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də Azərbaycanın işğal altındakı əraziləri olacaq. Biz bu məsələni bütün səviyyələrdə gündəmdə saxlamaqda davam edirik".
Əhməd Davudoğlu onu da deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Ankaranın Vaşinqtonla və ya başqa üçüncü ölkə ilə münasibətlərini pozulması bahasına davam etdirilməsinə imkan verilməyəcək.
Milli.Az