Arzuladığı ucalığa qovuşan şəhid Rövşən Vəlixanov - VİDEO

4 Yanvar 2021 15:10

Vətən müharibəsinin daha bir qəhrəmanı kiçik çavuş Rövşən Vəlixanovdan danışacağıq indi. Düşmənə elə döyüş meydanında meydan oxuyan qəhrəmanımız Murov istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıq. Bu məqama yüksələnə qədər isə düşmənin əsas istehkam sədlərinin darmadağın edilməsi, canlı qüvvəsinin məhv edilməsində inanılmaz şücaət göstərib. Həyat yoluna, arzularına bələd olmaq üçün əməkdaşımız ailəsi ilə söhbətləşib.

Vəlixanov Rövşən Novruz oğlu. Tovuzun Qaraxanlı kəndindən olan 26 yaşlı hərbçi qəhrəmanımız döyüşlər başlayan ilk gündən cəbhəyə yollanıb və düşmənin müdafiə istehkamlarının darmadağın edilməsində şücaət göstərib. O, hər dəfə silahını çiyninə alandan əvvəl özü və döyüş yoldaşları üçün dua edərmiş. Çünki anlayırdı ki, müqəddəs bir amal uğrunda savaşan əsgər hər an şəhidlik zirvəsinə yüksələ bilər. Sonuncu dəfə ailəsiylə sağollaşarkən də hər şeyi sanki hiss edirmiş kimi yarı yoldan qayıdaraq anası ilə ikinci dəfə görüşüb.

Rövşən dəfələrlə yaralı yoldaşlarını döyüş meydanından çıxarıb. Murov istiqamətində gedən döyüşlərin birində isə qəhrəmanlıqla şəhid olub.

Qəhrəmanımız qardaşı ilə sonuncu dəfə danışanda "anam sizə əmanət" deyib. Bundan sonra Rövşəndən xəbər gəlməyib daha.

Şəhidimizin üzərindən tapılan qeyd dəftərində "Qardaş, mənim borclarımı ödə, boynumda heç kimin haqqı qalmasın" sözləri yazılıb. Qoruduğun torpağın - ananın qoynunda rahat yat, şəhidim. Çünki sən işğaldan qarış-qarış azad etdiyin torpaqlarla nəinki öz vətəndaşlıq borcunu ödəmisən, biz sənə borcluyuq artıq!

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir:

Milli.Az