Amaliya Pənahovanın həyat yoldaşı vəfat etdi
26 Aprel 2010 13:49
Xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Amaliya Pənahovanın həyat yoldaşı, uzun illər Azərbaycan Dövlət Televiziya və Radio şirkətində diktor vəzifəsində çalışan Yusif Muxtarov bu səhər dünyasını dəyişib. Bu barədə Milli.Az xəbər portalına aktirsanın ailəsindən məlumat verilib. Bildirilib ki, Yusif müəllim ürək çatışmazlığından rəhmətə gedib:
"Səhər saat 9:00 radələrində dünyasını dəyişdi. Amma son günlər səhhətində heç bir narahatlığı yox idi. Hətta ölümündən əvvəl ailəsi ilə deyib-gülürdü. Qəfil ürəyini tutdu və çox çəkmədi ki, dünyasını dəyişdi. Hazırda mərhumun bağ evindəyik. Yusif müəllim bir neçə saatdan sonra torpağa tapşırılacaq".
Xatırladaq ki, xalq artisti Yusif Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildə dövlət televiziyasında diktor kimi başlayıb. 1994-cü ilə qədər orada diktor, ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə ona əməkdar artist fəxri adı verilib. 1992-ci ildən bu yana Bələdiyyə Teatrının sərəncamçı direktoru vəzifəsində çalışıb. 2002- ci ilin noyabr ayının 7-də Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə Yusif Muxtarova "Xalq artisti" fəxri adı verilib.
Yusif Muxtarov bir sıra filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. Bunlardan N.Hikmətin "Qəribə adam", Lermantonvun "İki qardaş", S.Vurğunun "Vaqif", S.Rəhmanın "Xoşbaxtlar", İ.Əfəndiyevin "on iki manatlıq lüstr" televiziya tamaşaları və Azərbaycan kinostudiyasında çəkilən "Baladadaşın məhəbbəti", "Qatarda qətl" və s. adını çəkmək olar.
Qeyd edək ki, Y.Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə 1000-dən artıq film qorunur.
Allah rəhmət eləsin!
Xədicə
Milli.Az

--------------------------------------------------------------------------------