"Qadınlarda o boşandı, azadlığa çıxdı, qoy mən də edim düşüncəsi çoxluq təşkil edir"

29 Dekabr 2020 10:15

"Tanımadan ailə qururlar, çox az müddətdə bir-birini tanıyırlar və yaxud da valideyinlərin seçimi ilə, özlərinin evlənmə istəyi olduğu vaxtda ailə qurmurlar. Vaxt, zaman keçir deyib, məsləhətlə tanımadığı insanla ailə qururlar ki, nəticəsi də çox vaxt boşanmalarla bitir".

Bunu Milli.Az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, boşanmalara ən çox səbəb xəyanətdir:

"Elə insanlar var ki, haradasa yaxşı da bir yerdə işləyir. Amma ailə olmadığı üçün ona bir az qeyri-ciddi baxırlar və sual verirlər ki, niyə ailə qurmamısan, niyə evlənmirsən və yaxud da niyə ərə getmirsən? O, sırf sosial mövqeyini bərpa etmək üçün ailə qurur ki, kənardan necə görsənərəm.

Həmçinin yaş fərqi də boşanmalarda əsas amillərdən biri olur. Çox yaş fərqi olanda sonradan problemlərə gətirib çıxara bilir. 

Son dönəmlər boşanma niyə artıb?

İşsizlik, kişilərin daha çox evdə vaxt keçirmələri bunun səbəblərindən biridir. Çünki işləyən kişi səhər gedib, axşam evə gəlir. Ana uşaqla məşğul olur və axşam ailə artıq bir yerə yığılıb, bir neçə saat bir yerdə olurlar. Amma kişi işləməyəndə ailə bütün günü bir yerdə olur, həm işsizlik, həm xanımın hansısa bir işi çatdıra bilməməsi, kişinin daha çox qadın işlərinə qarışması, danışması, səbəb olur ki, ailədə problemlər artsın.

Həm də bu gün bir-birinə baxaraq hərəkət edən ailələr çoxdur. Məsələn, qadınlarda o boşandı, o rahatlaşdı, azadlığa çıxdı, qoy mən də edim düşüncəsi çoxluq təşkil edir. Kişilərdə isə müəyyən bir şeylər var ki, məsələn xəyanət edirlər və düşünürlər ki, hamı edir, mən niyə etməyim. Həyat yoldaşları bilir, xəbər tutur və istəyir ki, ayrılsın. Son dönəmlər boşanmalara səbəb olan əsas amillər bunlardır.

Statistika da göstərir ki, boşanmalara səbəb ən çox xəyanətdir, birgə vaxt keçirib bir-birlərini tanımamaqdır, tanımadan ailə qurmaqdır, yəni tez bir zamanda ailə qurmaqdan söhbət gedir. Tanışlıqdan minimum 1 il, il yarım vaxt keçməlidir ki, ailə qurmaq üçün tam hazır olub olmadıqlarını dəqiqləşdirsinlər. Cütlüklərdən hər hansı biri özünü ailə qurmağa hazır hiss etməyəndə ailə müdaxilələləri artır. İndi son dövrlər pandemiya çox təsir edib, insanlar bir yerdə ailədə çox vaxt keçirirlər. Bu da müəyyən intiriqalar, problemlər, mübahisələrə səbəb ola bilir. Davamlı olduğuna görə bunu həll edə bilmirlər.

Ümumiyyətlə, boşanmaları azaltmaq üçün hər bir ailənin ailə psixoloqu olmalıdır. Əgər bu ailədə hər hansı bir düzəliş etmək olarsa, artıq psixoloq ona köməklik edəcək".

Təhməz Əsədov
Milli.Az