Elektron nəzarət vasitələrinin istifadəsinə dair tələblər müəyyənləşib

28 Dekabr 2020 15:59

Elektron nəzarət vasitələrinin istifadəsinə dair tələblər müəyyənləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Ədliyyə Nazirliyinin Kollegiyasının "İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası Qaydaları"na etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, ictimai işləri icra edən icra məmur barəsində ictimai işlər tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini, bu əməllərin hüquqi nəticələrini, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağını izah etməli və bu barədə protokol tərtib etməlidir.

İctimai işlərə cəlb olunan şəxslər Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etməli, hər-hansı müdaxiləyə yol verməməli və ondan istifadə etməkdən imtina etməməlidirlər.

Elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edənlər, onu zədələyənlər və ya digər üsulla yararsız vəziyyətə salanlar, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyənlər ictimai işlər növündə cəzanın və ictimai işlər növündə inzibati tənbehin  çəkilməsindən qərəzli boyun qaçıran məhkumlar olunacaqlar.

Milli.Az