Əcnəbilərə Azərbaycanda sürücülük vəsiqəsi verilirmi?
13 Yanvar 2012 04:22
Onların əksər hissəsi avtomobil idarə etmək istəyir. Bəs əcnəbi vətəndaş Azərbaycanda avtomobil idarə edə bilərmi? Onlar sürücülük vəsiqəsi ala bilərlərmi?
Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a bildirdi ki, əcnəbi vətəndaş Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinin köməyindən istifadə edə bilər. Qanunvericiliyə əsasən, ölkə daxilində yaşayan xarici vətəndaşlar Dövlət Miqrasiya Xidmətində qeydiyyata alınmalıdırlar və həmin qeydiyyat dövründə imtahan verməklə sürücülük vəsiqəsi almaq hüququna malikdirlər.
Bölmə rəisinin sözlərinə görə, həmin şəxsin aldığı sürücülük vəsiqəsinin müddəti ona ölkə ərazisində qeydiyyatına icazə verildiyi müddətə bərabərdir. Yəni sürücülük vəsiqəsi, əcnəbinin Dövlət Miqrasiya Xidmətindən aldığı şəxsiyyət vəsiqəsində göstərilən müddətə qədər etibarlı olacaq.
Anar Məmmədov
Milli.Az