Erməni terroru nəticəsində ağır xəsarət alan şəxsə əlillik təyinatı aparılacaq, aylıq sosial ödənişlə təmin olunacaq

25 Dekabr 2020 12:24

Erməni terrorundan zərər çəkən həmvətənlərimizdən biri də Bərdə rayon sakini Şirinov Elçin Həvəskar oğludur. 36 yaşlı Elçin erməni faşistlərinin 28 oktyabrda Bərdəyə raket hücumu nəticəsində xəsarət alıb, ayağı amputasiya olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin əməkdaşları Elçin və ailəsi ilə görüşüblər. Ailə dörd nəfərdən (özü, həyat yoldaşı, 10 və 6 yaşlarında iki uşağı) ibarətdir.

Elçinə yaxın günlərdə əlillik təyinatı aparılacaq, sonra isə aylıq sosial ödənişlə təmin olunacaq. Bu barədə ona məlumat verilib.

Həmçinin taksi fəaliyyəti ilə məşğul olmuş Elçinin avtoyuma üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyi nəzərə alınmaqla, növbədənkənar bu proqrama cəlb edilib. Yaxın günlərdə avtoyuma üzrə xidmət sahəsini yaratmaq üçün lazımı avadanlıqlarla təmin olunacaq.

Milli.Az