Azərbaycanda boşanmalar əsasən BU SƏBƏBDƏN baş verir

23 Dekabr 2020 17:37

"Bildiyimiz kimi boşanma evli tərəflər arasında ailə ilə bağlı qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Ölkəmizdə boşanma sayları artmaqda davam edir. Buna bir çox amillər səbəb olur".

Bunu Milli.Az-a açıqlamasında psixoloq Xoşbəxt İlqar deyib.

O bildirib ki, hər iki tərəf boşanma qərarını verməmişdən əvvəl bu qərarın səbəbini, hansı amilin bu yerə çatdırdığını dərk etməlidir:

"Ailənin maddi rifah halının aşağı olması boşanmalara səbəb olan əsas amillərdən biri kimi göstərilsə də, araşdırma zamanı statistika göstərir ki, cəmiyyətin aşağı və yuxarı təbəqəsində da boşanma halları baş verir. Başqa amillər kimi qarşı tərəfin bir-birini başa düşməməsi, mübahisə və münaqişələr diqqət çəkir.

Ən acınacaqlı səbəblərdən biri də ailədə qarşı tərəfin narkotik, alkoqoldan istifadə etməsi, bu halda qarşısındakı ailə üzvlərinə zorakılıq etməsidir. Ailədə uşaqlar varsa məsələ daha da ciddiləşir.

Ən çətini insanın özünü anlaya bilməməsidir. Amma daha çətini əvvəl anlayıb, sonra özünü dəyişə bilməsidir. Hər iki tərəf boşanma qərarını verməmişdən əvvəl bu qərarın səbəbini hansı amilin bu yerə çatdıracağını dərk etməlidir, problemin kökü həll olunmalıdır. Boşanmış ailələrin uşaqlarında panikatak, nevroz kimi xəstəliklər daha çox aşkar edilir.

Ailə kiçik dövlətdir. Xoşbəxt ailələr sevgi, inam, anlayış, hörmət üzərində qurulur...".

Təhməz Əsədov
Milli.Az