"Əslində biz gecikirik. Bu məsələni çoxdan həll etmək lazım idi".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Türkiyə hərbçiləri tək Ağdamda monitorinq mərkəzində yox, Şuşada, Kəlbəcərdə, Laçında da olmalıdırlar:
"Əvvəl gündən deyirdim ki, əgər rusiyalı sülhməramlılar bölgədə olacaqlarsa, Türkiyə hərbiçiləri də bu bölgədə olmalıdır. Rusiyanın nə istəyib istəməməyi bizə maraqlı olmamalıdır. Əlbəttə Ruisya, Ermənistan Türkiyə sülhməramlılarını istəməyəcəklər. Amma bura bizim torpaqlarımızdır və biz Türkiyə sülhməramlılarını bölgədə görmək istəyirik.
Türkiyə hərbçiləri tək Ağdamda monitorinq mərkəzində yox, Şuşada, Kəlbəcərdə, Laçında da olmalıdırlar. Birgə patrul xidməti də olmalıdır ki, ruslar öz yerini bilsinlər. Əks halda təxribatlar davam edəcək. O zaman Rusiya sülhməramlıları nə erməniləri tərk-silah edəcəklər, nə də belə xəritələr yaymaqdan əl çəkəcəklər. Bunun bircə yolu var - Türkiyə bölgədə hərbi nöqteyi nəzərdən olmalıdır.
Hulusi Akarın da açıqlaması bundan xəbər verir ki, güya müharibə bitib, amma ermənilər öz düşüncələrincə bizə qarşı partizan müharibəsi aparırlar, dağlarda, meşələrdə gizlənirlər. Necə gizlənirlər, ərzağı, silahları necə əldə edirlər, bunlar hamısı ciddi suallardır. Ona görə də Hulusi Akar tam haqlıdır. Artıq bu məsələnin həllinin zamanıdır ki, türk sülhməramlıları mütləq bölgədə olsunlar".
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu gün jurnalistlərə açıqlamasında "Ruslar iddia edirlər ki, Türkiyə hərbçiləri ermənilərin olduğu yerdə olmasınlar, əks təqdirdə problem yaranacaq. Biz bu məsələni Azərbaycanla müzakirə edəcəyik. Bu məsələ Azərbaycanla Türkiyə arasındadır. Danışıb həll edəcəyik" fikirlərini səsləndirib.
Təhməz Əsədov
Milli.Az