Yaxın gələcəkdə Ermənistanda kütləvi həbslər gözlənilir. Səbəb hakimiyyət hələ də getmə qərarı vermədiyi üçün müxalifətin günü-gündən mübarizəni gücləndirməsidir.
Milli.Az xəbər verir ki, bu haqda "Joxovurd" qəzeti mənbələrinə istinadən yazır.
Xatırladaq ki, dünən Erməni İnqilab Federasiyası (Daşnaktsutyun) Ali Qurumunun nümayəndəsi İşxan Sagatelyan müxalifətin yeni mübarizə planını təqdim edib. Bu plana görə yalnız yürüş və mitinqlər olmayacaq.
"22 dekabr çərşənbə axşamı mübarizəmizin ən həlledici günü olacaq. Bu gün bir Ermənistan vətəndaşı gündəlik qayğılarını unutmalı, qalxmalı, işə getməməli, alış-verişə getməməli və bu xəyanət prosesinə laqeydlik göstərməməlidir", - Sagatelyan deyib. Və qeyd edib ki, 22 dekabr çərşənbə axşamı bütün müəssisə və universitetlərdə ümumi tətil, vətəndaş itaətsizliyinin kütləvi aksiyaları elan edilir.
Qəzetin yazdığına görə, bu taktikanı eşidən səlahiyyətlilər hüquq-mühafizə sisteminin nümayəndələrinə ayıq-sayıq olmalarını tapşırıblar. Onlar müxalifət liderləri aradan götürüldükdən sonra mübarizənin zəifləyəcəyi ümidilə həbslərin müxalifət qüvvələrinin liderləri səviyyəsində olmasını tapşırıblar.
Aslan Məmmədov
Milli.Az