"Azərbaycana təcavüz niyyətində olan hər kəs qarşısında Türkiyəni görəcək" - Polkovnik

11 Dekabr 2020 13:45

"Azərbaycanın Vətən Müharibəsində, işğalçı Ermənistan üzərində şanlı qələbəsinə həsr edilmiş hərbi parad millətimiz üçün, ilk növbədə şəhidlərimizin və qazilərimizin qanı, canı bahasına təmizlənmiş namus, qeyrətimizin bütün dünyaya nümayişidir".

Bunu Milli.Az-a açıqlamasında ehtiyyatda olan polkovnik İlqar Əliyev deyib.

Polkovnik bildirib ki, Azərbaycan Ordusu yeni dönəmə qədəm qoyur:

"Bu paradla Azərbaycan öz tarixində daha bir qələbəyə imza atdı, bu nümayişlə 200 ildən artıq "məğlub xalq" psixoloji sindrom əsarətindən azad oldu, qan yaddaşımız olan tarixi kodumuz, yenidən bir neçə nəsil irəli, genetikamıza nüfuz etdi və bizi özümüzə qaytardı.

Qələbə paradı Azərbaycan sevənlər, dost və qardaş ölkələr üçün fəxr və qürur mənbəyinə, düşmənlər üçün isə qısqanclıq, məğlubiyyətlə barışmaq və artıq Azərbaycanla hesablaşmaq mənbəyinə çevrildi.

Qələbə paradına qardaş Türkiyə Silahlı Qüvvələrinin və sevgi ilə hər bir azərbaycanlının ürəyinə yol tapan Türkiyə Respublikasının Prezidentinin iştirakı dünyaya bir mesaj idi - Azərbaycan yalnız deyil. İstər hərb meydanında, istərsə də siyasi müstəvidə Azərbaycanın yanında böyük Türkiyə dövləti var. Bundan sonra Azərbaycana təcavüz və basqı niyyətində olan hər kəs qarşısında Türkiyəni görəcək.

Bildiyimiz ki, müharibə şəraiti tam bitməyib və bu dönəm, bu şərait olduqca həssasdır. İstər Ermənistanın bəzi hərbi-siyasi dairələrində revanşist fikirlərin səsləndirilməsi istərsə də bəzi üçüncü dövlətlərin bu məsələnin yenidən qızışdırılması cəhdləri buna dəlalət edir. Hesab edirəm ki, Azərbaycanın bu Qələbə paradı ilə dünyaya bir mesajı da ondan ibarətdir ki, bizim parad keçirməyə də, döyüş əməliyyatları aparmağa da gücümüz kifayət qədərdir.

Azəbaycan bir çox ölkələrə nümunə oldu. Azərbaycan bütün əzilmiş, əraziləri qanunsuz zəbt edilmiş millətlərə sübüt etdi ki, dondurulmuş münaqişələr daimi deyil. Əgər o millətin, o dövlətin istəyi və milli qüruru varsa, o millət ozü öz taleyini həl etmək iqtidarındadır.

Eyni zamanda Qələbə paradı şəhidlərimizin ruhları və onların ailələri qarşısında ümumxalq ehtiram tədbiri idi. Və mən əminəm ki, bütün şəhidlərimin ruhu bu paradda iştirak edirdi. Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan ordusu sizin qanınızı yerdə qoymadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Rahat və nur içində yatın, bu Qələbə sizin sayənizdə oldu. Bu sevinci millətə siz bəxş etdiniz. 

Əminliklə deyə bilərəm ki, Azərbaycan Ordusu yeni dönəmə qədəm qoyur. Bütün dünyanın aparıcı dövlətləri hazırda bu müharibədə aparılan döyüş əməliyyatlarını analiz edir, nəticələr çıxarır. Düşünürəm ki, bunu Azərbaycandan yaxşı və keyfiyyətli kimsə analiz edə bilməz. Çünki bir var bilavsitə iştirak edəsən, bir də var ki, kənardan müşahidə edəsən. 

Bu müharibə qazanılmış bütün uğurların və səhflərin təhlilindən çıxan nəticələri nəzərə alaraq yeni perspektiv, inkişaf planları hazırlanacaq və həyata keçiriləcək. Burada əsas diqqət Silahlı Qüvvələrin ən müasir, uzaq mənzilli, yüksək dəqiqlik və dağıdıcı qüvvəyə malik silah sistemləri ilə təchiz edilməsinə, eyni zamanda yüksək manevr qabiliyyətinə, hər bir şəraitdə və müxtəlif tərkibdə fəaliyyət göstərə bilən peşəkar birləşmə və hissələrin yaradılmasına yönəldiləcək".

Təhməz Əsədov
Milli.Az