Əmək müqaviləsinin əhəmiyyəti
İşlə təmin olunmaq, əmək bazarında təmsil olunmaq və iş təcrübəsi toplamaq hər kəs üçün əhəmiyyətlidir. İşlə təmin olunarkən işəgötürənlə əmək müqaviləsi bağlayan şəxslər əməkhaqqı alır, məzuniyyətə çıxa bilir, müavinətlər əldə edir, iş yerindən aldıqları məvacibi təminat mənbəyi kimi göstərərək müxtəlif kreditlərdən yararlanır və digər hüquqlardan istifadə edə bilirlər. Əmək müqaviləsi bağlanan zaman sadalananlardan əlavə, iş prosesində hər hansı bir zədə alma halında işçiyə müalicə üçün müəyyən vəsaitlərin ayrılması təmin olunur. Gələcəkdə işəgötürənlər əmək müqaviləsi bağladığı şəxslərin icbari tibbi sığorta üzrə öhdəliklərini də yerinə yetirəcək ki, bu da tibbi xidmətlərdən yararlanmaq üçün olduqca vacibdir. Ən əsas məsələlərdən biri - pensiya təminatı üçün resurslar yaradılır və işçinin stajı hesablanır. İşəgötürən işçinin əməyini, həyat və sağlamlığını sığortalayır. Əmək müqaviləsinin bağlandığı halda, işçinin əldə etdiyi hüquqlar müvafiq qanunlarla qorunur. Əks halda isə onun taleyi işəgötürənin "insafına" qalır, yəni işçi ilə müqavilə bağlamayan sahibkar onu sahib olduğu hüquqlardan məhrum edir. Nəticə etibarilə işçinin gələcəyi təminatsız qalır və belə çıxır ki, o, uzun illər ərzində boşuna işləyib.
Milli.Az bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı maarifləndirmə işi istiqamətində hazırladığı videoçarxlar əmək müqavilələrinin əhəmiyyətini sadə, anlaşıqlı və obrazlı formada çatdırır. Videoçarxlar bu istiqamətdə aparılan işlərə ictimai töhfə olmaqla işçilərə və işəgötürənlərə qanun çərçivəsində işləməyin üstünlüklərini çatdırır:
https://www.youtube.com/watch?v=5YCcILhY3Ww
https://www.youtube.com/watch?v=-nOYNoX7ZdQ
Göründüyü kimi, əmək müqaviləsinin bağlanması işçilərin əmək hüququnun rəsmi qaydada tanınmasına, qorunmasına, eləcə də onların gələcəyinin etibarlı təminatçısı rolu oynamasına dəlalət edir.
Əmək müqaviləsi, yoxsa cərimə?