Əmisinin qisasını alarkən doğma şəhərində şəhid oldu - Sərdar İmrəliyevin nəvəsidir - FOTO

8 Dekabr 2020 12:13

II Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan baş çavuş Hüseynov Məhəmməd Alik oğlu 1993-cü ildə Beyləqan rayonunda dünyaya göz açıb.

Yaxınlarının Milli.Az-a verdiyi məlumata görə, əslən Cəbrayıl rayonunun Horovlu qəsəbəsindən olan H.Məhəmməd orta məktəbi Bahar kənd tam orta məktəbində bitirdikdən sonra DİN Daxili Qoşunlar - XTD-də həqiqi hərbi xidmət keçib. O, xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Dəstədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətinə davam edib.

27 sentyabr, 2020-ci ildə Murovdağ silsiləsində gedən döyüşlərdə iştirak etmiş və döyüş peşəkarlığı göstərmişdir. O, Murovdağ silsiləsi azad olunduqdan sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə cəlb olunub. Dədə-baba yurdu olan Cəbrayılın Horovlu kəndi azad olunduqdan sonra, 08.10.2020-ci ildə Cəbrayıl şəhəri yaxınlığında şəhid olub.

Qeyd edək ki, Hüseyinov Məhəmməd Alik oğlu sosialist əməyi qəhrəmanı Sərdar İmrəliyevin nəvəsidir. Əmisi Hüseyinov Hüseyin Məmməd oğlu da torpaqlarımız uğrunda şəhid olub.

Allah rəhmət eləsin!

Emin
Milli.Az