Murad Əzimzadə üsyan etdi: "...utanın və nəticə çıxarın!" - FOTO

11 Yanvar 2012 09:00
Lider TV-də efirə çıxan "Fotoşok" verilişinin aparıcılarından biri Murad Əzimzadənin Milli.Az-a müsahibəsi.

- Artıq bir ilə yaxındır ki, Lider TV-də yayımlanan "Fotoşok" verilişinin aparıcılarından biri kimi tanınırsınız. Veriliş haqqında kifayət qədər danışılıb, söhbətlər edilib. Maraqlıdır, Murad Əzimzadə bu bir il ərzində nələrə şahidlik edib?

- Baxmayaraq ki, aparıcılıq sahəsində böyük təcrübəm yoxdur, amma televiziya sahəsinə gəldiyim gündən bəri müşahidələr aparıram və öz təcrübəli həmkarlarıma xüsusilə diqqət yetirirəm. Açığı, gördüklərim məni, sözün həqiqi mənasında şoka salıb. Bu aparıcılardakı pafos, efir xəstəliyi, özünü gözə soxmaq, yeri gəldi-gəlmədi danışmaq və digər deyə bilmədiyim mənfiliklər, inanın ki, az qalır məni bu sahədən iyrəndirsin. Mən bu sahəyə sevərək gəldim. Amma həmkarlarımdakı bu çatışmazlıqları görəndə şok oldum. Doğrudanmı Azərbaycanın televiziya məkanı belələrinin ümidinə qalıb? Əvvəllər hansısa verilişə tamaşaçı kimi baxanda çox şeyi hiss etmirdim və sıravi tamaşaçılar kimi mən də çox şeyə aldanırdım. Amma televiziya sahəsinə gəldikdən sonra artıq bir az fərqli yöndə baxmağa başladım. Və gördüklərimi həzm edə bilmədim.

- Bir az da konkretləşdirək: bir gənc aparıcı kimi həmkarlarınızda daha çox nəyi bəyənmirsiniz?

- Ən tanınmış aparıcılarımız tamaşaçıların gözündə çox savadlı bir obraz yaradıblar. Amma tamaşaçıların bəlkə də əksəriyyətinin ağlına da gəlmir ki, gördükləri bu savad yalnız veriliş ərzində, özü də kadr arxasında qalan hansısa məchul redaktor tərəfindən qulaqcıq vasitəsilə "ötürülür". Qulaqcıq çıxdı, elə bilin ki, savad da, intellekt də çıxdı. Tamaşaçıları aldatmaqla, özünü ağıllı kimi göstərib, uğur qazanmaq olar. Sadəcə, bir şeyi anlamıram: niyə bu "savadlı" aparıcılarımız özlərini yeni imicdə, yeni obrazda təqdim etmirlər? Mütləq alim olmalısan ki, seviləsən? Türkiyənin ünlü verilişlərindən biri olan "Beyaz show"-nun eyniadlı aparıcısı verilişi ərzində intellektinin heç yüzdə iyirmisini istifadə etmir. Amma kifayət qədər populyardır.

- Siz tanınmış aparıcılarımızı intellekt kasadlığında günahlandırırsınız. Belə çıxır ki, sizdə bu sahədə problem yoxdur...

- Bu sözlərim, heç də o anlama gəlməsin ki, mən çox savadlıyam və ya uğur qazananlara paxıllıq edirəm. Qətiyyən! Sadəcə, xalqın gözündən pərdə asmaq nəyə lazım? Özlərinə əl qatıb, redaktor-prodüser sayəsində özünü yüksəklərdə hesab edən aparıcılaradır sözüm: görünmək istədiyiniz kimi görünməyin, olduğunuz kimi görünün. Düzdür, savadsızlığınız üzə çıxacaq, amma əvəzində səmimiyətinizə görə daha çox sevilərsiniz.

- Murad, aparıcısı olduğun veriliş bir başa şou-biznesçilərdən bəhs edir. Yerli şou-biznesə münasibətin necədir?

- Şou-biznesdən uzun-uzadı danışıb həm özümün, həm də oxucuların əsəblərini xarab eləmək istəmirəm. Amma həqiqətən biabırcılıqdır. Hərdən dostlarım məndən soruşurlar, "niyə bizdə Enriki İqlesias, Britney Spirs, Lady Gaga, Corc Maykl, Tarkan, Rihanna və s. yetişmir, məgər ulduzlarımızın pulu azdır?"

Mən isə belə cavab verirəm: bizim "ulduzcuq"ların pulu az deyil, sənətə ayırdıqları vaxt azdır. Vaxtının 95 %-ni şou-proqramlara və toylara "xərcləyən" müğənni necə dünya səhnəsinə çıxa bilər axı? Danışanda dilləri beş metr çıxır. Amma soruşsan ki, youtube portalında sonuncu izlədiyin klip hansı olub, sənə cavab verəcək ki, youtube nədir... Bax bədbəxtçiliyimiz bundadır. Mən demirəm ki, toylara getməsinlər. Bu, əslində normaldır. Amma insafınız olsun, bir az da sənətə vaxt ayırın da. Ayıbdır axı...

- Bu tənqid dolu fikirlərinizdən sonra bir çoxları sizə düşmən kəsilə bilər. Deyəcəklər ki, "dünən çıxıb efirə, bizə məsləhət verir".

- Sözlərimi məsləhət kimi qəbul etməsinlər. Heç kimə məsləhət vermək fikrim yoxdur. Və bu sözlərimi də hamıya şamil etmirəm. Amma özləri bilir, kimləri nəzərdə tutub deyirəm. Həmin insanlara son olaraq onu deyim ki, bu sözləri gizlin bir yerə çəkilib hamıdan xəbərsiz oxuyun, utanın və nəticə çıxarın!

Leyli
Milli.Az

Böyütmək üçün şəklə klikləyin.