DÇ-2022: Azərbaycan yığması üçün arzuolunan və arzuolunmaz rəqiblər - ARAŞDIRMA

5 Dekabr 2020 14:39

İki gündən sonra DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması keçiriləcək.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, bütün Avropanın olmasa da, qitənin böyük hissəsinin diqqətləri dekabrın 7-dəki tədbirə yönələcək.

Seçmə mərhələdə 10 komanda Qətər-2022-yə, 10 komanda isə pley-offa vəsiqə əldə edəcək. Bu 20 yer uğrunda 55 yığma mübarizə aparacaq. Onlardan təxminən 35-40-i bu yerlərdən birini tutmağa iddialıdır.

Püşkatma da məhz bu ölkələr üçün daha çox maraq doğurur. Təəssüf ki, Azərbaycan yığması bu komandalar sırasında deyil. Millimiz seçmə mərhələ ilə bağlı heç bir iddiası, istəyi, arzusu olmayan azsaylı iştirakçılar sırasındadır. Bunun üçün də püşk Canni de Byazinin yetirmələri üçün sıradan, heç bir önəm kəsb etməyən adi bir hadisədir.

Hər halda, AVRO-2020-nin seçmə mərhələsi, həmçinin Millətlər Liqasının ilk iki mövsümündə zəiflərlə mübarizədə qeydə alınan nəticələrdən sonra qarşıdakı tsikldən nə isə gözləməyə əsas tapılmır. Düzdür, italiyalı mütəxəssis öz nağılları ilə komandanı haralara isə daşıyacağını vəd edir. Lakin nəticələr, oyun və potensial bunun nağıldan başqa heç nə olmadığını göstərir.

İndi de Byazi də, komandası da püşklə bağlı müəyyən hesablamalar aparır, hansı yığmalarla düşməyin sərfəli olmasını düşünür. Amma istənilən halda, bu, ilk iki yerlə bağlı düşüncə deyil.

Adəti üzrə sonuncu olmamağa can atan milli ən yaxşı halda daha çox xal qazanmaq, pis halda isə xalsız qalmamaq üçün mübarizə aparacaq. Elə rəqiblərin də buna münasib olması arzulanandır.

Püşkə iki gün qalmış səbətlərin tərkibinə göz gəzdirib, tanış rəqiblərə nəzər salmaq, heç olmasa xal toplamaq üçün daha sərfəli komandalar barədə fikir yürütmək olar. Düzdür, seçmə mərhələdə hər şey ola bilər. Xorvatiya və Portuqaliya kimi rəqibləri büdrədən, Lixtenşteyn və ya 9 nəfərlə qalan Moldovanı yenə bilməyən yığmanın hər iki mənada təəccübləndirməsi mümkündür. Amma bu ani - bir oyunluq nəticələr ümumi tsiklə təsirsiz ötüşür. Ona görə səbətlərdəki mümkün rəqiblərlə əvvəlki qarşılaşmalara əsasən mülahizələr yürütmək olar.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland
Bu səbətdə yer alan komandalarla müxtəlif vaxtlarda 29 oyun keçirən milli heç vaxt qalib gəlməyib. İki dəfə Xorvatiyadan xal alan yığma Belçika və Portuqaliyanı da bir dəfə bir dəfə büdrədib. Amma bu o demək deyil ki, həmin rəqibləri arzulanan hesab etmək mümkündür. Almaniyaya 6, İtaliyaya 4 dəfə uduzan komandamız üçün bu səbətdə istənilən rəqib arzuolunmazdır.

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya
2-ci səbət komandalarından hamısı ilə qarşılaşan yığmanın aktivində cəmi 4 qələbə var. Türkiyə, Serbiya (Monteneqro ilə birlikdə olduğu vaxt-red.), Slovakiya və İsveçrəni yenməyi bacaran komandamız üçün ən uğursuz rəqiblər daim uduzduğu İsveçlə Rumıniyadır. Yalnız türkiyəlilərlə serbiyalılara 1-dən artıq - 2 matçda uduzmamışıq. Uelslə Slovakiyaya nə az, nə çox - 7 dəfə məğlubiyyət alan milli sonunculardan 19, Polşadan 20 top buraxıb.

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya
3 komandası ilə heç vaxt qarşılaşmadığımız bu səbətdə hərəsinə 7 dəfə uduzduğumuz Macarıstanla Finlandiyanı heç kim arzulamaz. Baxmayaraq ki, sonuncular üzərində 1 qələbə var. Şimali İrlandiyadan daha çox - 5 xal alan milli Çexiya ilə matçlarda müsbət (top fərqində) balansa malikdir. İslandiya ilə yeganə dueldə bərabərlik var.

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq
Canni de Byazinin yetirmələri 4-cü yer üçün də mübarizə aparmaq istəyinə düşsə, əsas rəqib elə 4-cü səbətdəki komanda olacaq. Burada bərabər balansa malik olduğumuz 
Belarus, Sloveniya, Lüksemburq və yalnız top fərqində uduzduğumuz Gürcüstan var. Lakin cırtdan ölkə təmsilçisi bu payızda yığmamıza gücünü nümayiş etdirdiyindən postsovet məkanı təmsilçiləri daha münasib sayılır. Ən çox uduzduğumuz Şimali Makedoniya ilə 7 matçda yalnız iki heç-heçə ilə təsəlli tapmışıq.

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra
Komandamızın dişinə görə olan rəqiblərin çoxu özünün də qərarlaşdığı 5-ci səbətdədir. Lakin milli onlarla qarşılaşa bilməz.

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino
Yığmamızın xalsız qalmaq təhlükəsi 5 komandalı qrupa düşəcəyi halda daha böyük olacaq. Hərəsində beş komanda olan 5 qrupda deyil, digərlərində, yəni altı iştirakçının yarışdığı qruplarda yer almaq daha çox xal vəd edir. Amma sonuncu səbətdə millimizə 6 xal mənbəyi sayılmamalıdır. Yalnız San-Marino ilə əvvəlki matçlarda qələbələri sıralayıb - 2 oyunda. Lixtenşteynlə 5 matçda da üstünlük komandamızın tərəfindədir. Amma məğlubiyyət və heç-heçə də seçmə oyunlarında yığmanın passivindədir. Malta və Moldova isə əvvəlki görüşlərdə millimizdən üstündür. Heç vaxt qarşılaşmadığımız Cəbəllütariqi isə digər 4 mümkün rəqibdən zəif saymaq düzgün sayılmaz.

Milli.Az