"Dizüstü vəziyyət alaraq istifadə etdiyim RPK silahı ilə üç erməni hərbçisini yerə sərdim" - FOTO

4 Dekabr 2020 22:20

Bu gün müstəqil Azərbaycan Respublikası tarixinin ən böyük zəfərini yaşayır. Azərbaycan otuz ilə yaxın müddətdə işğal altında qalan tarixi ərazilərini ordumuzun şanlı qələbəsi sayəsində geri qaytardı.

Vətən müharibəsində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunələri göstərdi. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, Azərbaycan Ordusunun tətbiq etdiyi müharibə strategiyası müasir hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Qələbənin qazanılmasında şücaət, igidlik göstərən hərbçilərimizdən biri də Masallı rayonunun Ərkivan qəsəbə sakini 24 yaşlı qazi Kəmaləddin Bağırovdur.

On bir yaşında atasını itirən masallılı qazi iki bacının tək qardaşıdır. O, məktəb illərində güləşlə məşğul olub. İlk hərbi xidmətini (2014-2016-cı illər) sülhməramlı qüvvələr taborunda keçirib. Sentyabrın 29-da könüllü əsgər kimi Vətən müharibəsinə yollanıb. Oktyabrın 20-də Qubadlı uğrunda döyüşlərdə snayper gülləsi alaraq sağ qolundan yaralanıb.

Kamaləddin cəbhə xatirələrindən danışdıqca gözlərimiz önündə dəhşətli döyüş səhnələri canlanır: "Döyüşqabağı əsgərin psixoloji durumu, ruh yüksəkliyi qələbənin əsas amilidir. Məhz Azərbaycan əsgərinin yüksək əhval-ruhiyyəsi və döyüş ruhu qələbənin qazanılmasında mühüm rol oynadı. Döyüş əzminin daha da artırılmasında, bizimlə çiyin-çiyinə düşmən üzərinə yeriyən zabitlərimizin, xüsusilə tabor komandirimiz, polkovnik-leytenant Rəşad Quliyevin (oktyabrın 6-da Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub), taqım komandiri, kapitan Səxavətin (Qubadlı döyüşlərində şəhid olub), baş leytenantlar Vüsal Fərəcovun, Cəfər Bağırovun xidmətləri və cəsarəti əvəzsizdir. Onların köməyi ilə lazımi bilgiləri bölüşdürməyə, müəyyən vərdişlər əldə etməyə çalışırdıq. Odur ki, düşməndən qisas almaq yanğısı ilə sanki gözlərində şimşək çaxan əsgərlərimizin hər biri irəli, ön xəttə can atırdı. Qrup-qrup, taqım-taqım bölünərək hücuma keçirdik".

İkinci Qarabağ müharibəsinin taleyini həll edən Cəbrayıl döyüşlərindən bəhs edən Kəmaləddin Bağırov gecə və səhər saatlarında şiddətli döyüşlərin səngimədiyini, düşmənin xeyli sayda hərbi texnikasını, canlı qüvvəsini məhv etdiklərini söyləyib. Qubadlı uğrundakı hərbi əməliyyatları isə belə xatırlayır: "Qubadlıda nizamsız erməni hərbçilərinin mövqelərini sıradan çıxara-çıxara iki kəndi azad etdikdən sonra bir dağın dibində mühafizə qurduq. Otuz-qırx dəqiqədən sonra açıq sahədə düşmənlə üz-üzə qızğın döyüşlər başladı. Mövqelərimiz arasında təxminən 300-400 metr məsafə vardı. Bütün hallarda onları qovmağa müvəffəq olurduq. Cəsədlərini döyüş meydanında atıb qaçan məğlub düşmən geri çəkildikcə biz irəliləyirdik. Dizüstü vəziyyət alaraq istifadə etdiyim RPK silahı ilə üç erməni hərbçisini yerə sərdim. İstədim yerə uzanam, birdən sağ qolumda ağırlıq hiss etdim, silahım yerə düşdü. Komandirə vurulduğumu bildirdim. O, yerə uzanmağımı əmr etdi. Döyüş iki saat davam etdi. Komandir belimdəki silah-sursat çantamı, üst geyimimi çıxardı. İntensiv atışma zamanı əsgərlərin mənə yaxınlaşması da təhlükəli idi. Odur ki, özüm vəziyyətdən çıxmağa cəhd etdim. İri daşın dibinə çəkildim. İlk tibbi yardımı gizir yoldaşım göstərdi".

Yaralı əsgərimiz hospitalda uğurlu cərrahi əməliyyat olunub, müalicə alıb, oktyabrın 30-da evə buraxılıb.

Kəmaləddin deyir ki, nə qədər evdən, anamdan nigaran qalsam da, Vətənin dar günündə səsinə hay verməyi ən öncül vəzifəm, müqəddəs borc saydım. Azərbaycanımızın hər bölgəsindən torpaqlarımızın xilasına qalxan minlərlə gəncin sıralarına qoşulmaqdan iftixar duyurdum.

Əlbəttə, belə əsgərləri olan bir ordu mütləq qələbə qazanmalı idi. Təsəlli versək də, verməsək də oğlunu cəbhəyə göndərən ana hər şeyi gözə alır. Kəmaləddinin anası Hürnaz xanım söhbətimizə qoşularaq deyir: "Kəmaləddinin vətənpərvərlik hissləri məktəb illərindən özünü büruzə verirdi. Son zəng günündə diz çökərək bayrağımızı öpüb Vətəninə layiqli övlad olacağına and içmişdi. Cəbhəyə yola salanda da elə bil harasa tələsirdi. Tələsməyinə səbəb də varmış. Qeyrətli vətən oğullarına qoşuldu, başımızı ucaltdı. Qələbəni hamıdan çox biz analar gözləyirdik. Şükürlər olsun ki, Allahım məni balama qovuşdurdu. Bütün əsgərlər bizim övladlarımızdır. Sevinirəm ki, bu qələbədə onlar kimi Kəmaləddinin də payı var".

Bəli, igid döyüşçülərimiz rəşadətləri ilə ailələrinə, el-obalarına şərəf, başucalığı gətirdilər. Onların hesabına şanlı qələbənin dadını daddıq, bayrağımız Şuşada, digər ərazilərdə dalğalandı. İşğaldan azad edilən hər kənd, hər şəhər onların misilsiz qəhrəmanlıqlarının təcəssümüdür.

Əminik ki, yaralı əsgərlərimiz tezliklə sağalacaq, qısa müddətdə sosial həyata adaptasiya olacaqlar. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə vurğuladığı kimi: "Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq... Mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın".

Nur üzlü igidlərimiz, dualarımız sizinlədir. Daha başımızı dik tutacaq, sizlərlə fəxr edəcəyik...

Milli.Az