ÜST maska taxma qaydalarını sərtləşdirdi

4 Dekabr 2020 00:45

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Margaret Harris yalnız qapalı yerlərdə deyil, açıq havada da maska taxmağa çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məmurun izah etdiyinə görə, təhlükəsiz məsafəni qorumağın mümkün olub-olmamasından asılı olmayaraq, kifayət qədər havalandırma olmayan yerlərdə maskalardan istifadə edilməlidir. Eyni zamanda, otaqlar yaxşı havalandırılsa belə, bir-birindən bir metr məsafəni saxlamaq mümkün deyilsə, şəxsi qoruyucu vasitələrdən istifadə etmək zəruridir.

ÜST-nin sərt tövsiyələri artıq açıq yerlərə də tətbiq olunur: əgər küçədə digər insanlarla məsafə saxlamaq mümkün deyilsə, maskadan istifadə edilməlidir.

Harris qaydaların bu dərəcədə sərtləşdirilməsini pandemiya dövründə ən ciddi qaydalardan biri olduğunu vurğulayıb.

Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib. Artıq 64 milyondan çox insan bu virusa yoluxub, onlardan təxminən bir milyon yarımı həyatını itirib. Ən çox yoluxma halı ABŞ, Hindistan və Braziliyada qeydə alınıb.

Azərbaycanda 129 min 544 nəfər virusa yoluxub, onlardan 79 min 162 nəfəri sağalıb, 1470 nəfər isə ölüb.

Milli.Az