Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov

2 Dekabr 2020 15:21

Vətəndaşlar zərurət yaranmayacağı təqdirdə evlərini tərk etməsinlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda ictimai nəqliyyatda və küçədə yoluxma hallarına rast gəlinir: "İmkan daxilində evdən çıxmamaq, ehtiyac olmadığı halda ictimai nəqliyyatdan istifadə etməmək məsləhətdir. Onsuz da sərt karantin olsa, heç kim evdən çıxa bilməyəcək. Biz elə etməliyik ki, sərt karantinə ehtiyac olmasın.

Bu xəstəliyin nə qədər davam edəcəyi bilinmir. Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq. Lazım olan vaksinlər ölkəyə gətiriləcək və kütləvi vaksinasiyaya başlanacaq. Biz bu prosesə birlikdə qalib gəlməliyik. Bir olub bu infeksiyaya qarşı mübarizə aparmalıyıq. Bunu yalnız həkimlərin üzərinə atmalı deyilik. Müharibədən yeni çıxmış ölkəyik. Hələ də yaralılarımız var və ona görə də həkimləri pis vəziyyətdə qoymayaq".

Milli.Az