"Meşələrdə, səngərlərdə olduq" - VİDEO - FOTO

2 Dekabr 2020 23:05

Bu gün 28 ildir işğalda olan Laçın rayonu erməni qəsbkarlarından azad edildi və Laçında bayrağımız ucaldıldı. Hər birimiz yaxşı bilirik ki, işğalçı Ermənistan ordusunun Laçını tərk etməsinə Ordumuzun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub. Ordumuz 1 dekabr gününü tarixə şanlı hərflərlə yazdı. İndi bütün laçınlılar kimi, Behbudovlar ailəsinin sevinci yerə-göyə sığmır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Lənkəranda yaşayan Behbudovlar ailəsi 1992-ci ilin may ayında yaşadıqları doğma yurdlarından 3 uşaqları ilə birlikdə didərgin düşüblər. Laçının Zabux kəndindən olan ailənin üzvləri deyiblər ki, ermənilər o vaxt evlərini tezliklə tərk etmələri barədə xəbərdarlıq edir və Xocalı müsibəti ilə hədələyirdilər. Əhali arasında qorxu yaratmaqla mənfur düşmənlər Laçının işğalını sürətləndirirdilər. Behbudovlar ailəsi yaşadıqları yeri tərk etdikdən sonra əvvəlcə Ağcabədiyə, daha sonra Lənkərana köçərək burada yaşayıblar. Ailə başçısı Famil Behbudov həmin dövrdə Laçına geri qayıdaraq doğma torpaqlarının işğaldan azad olunması üçün könüllülərdən ibarət dəstəyə qoşulur. Həm silah, həm də canlı qüvvə ilə yaxşı təmin olunmuş düşmənlə günlərlə mübarizə aparırlar: "Döyüşə könüllü getdik. Dəstədə bizim rayonun sakinlərindən çox idi. Kəlbəcərdən keçib getdik. Laçının dağ kəndlərində döyüşürdük. Biçəniz kəndində 3 ay qaldıq. Meşələrdə, səngərlərdə olduq. Həmin günləri xatırlayanda ürəyimizdə bir nisgili yenidən təzələmiş olurduq. Bu gün televizorda eşitdik ki, Laçın işğaldan azad olunub. Rəşadətli Ordumuz bayrağımızı Laçında dalğalandırır. Özümüzü çox xoşbəxt hesab etdik və sevindik".

İndi o çətin günlər geridə qalır. Bu xoş gün münasibətilə təəssüratlarını bölüşən ailə hələ də baş verənlərin onlara yuxu kimi gəldiklərini deyiblər. Tezliklə Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, şanlı ordumuzun gücü sayəsində işğaldan azad olunan Laçına gedib öz yaşadıqları məkana yenidən həyat verəcəklərini bildiriblər.

Laçın sakini Həqiqət Behbudova: "Prezidentimizə təşəkkürümüzü bildiririk, şəhidlərimiz ruhları şad olsun, güclü ordumuza Allah dayaq olsun. Ordumuz şəhidlərimizin qisasını aldılar. Bundan böyük sevinc hissi ola bilməz. Torpağımıza gedirik, o qədər ürəklə gedirik ki, biz orda hər şey edəcəyik. Hər şey əvvəlki kimi olacaq. Əkin əkəcəyik, bağ salıb, mal-qara saxlayacağıq. Laçına yenidən həyat veriləcək. Allah dövlətimizi daha da qüdrətli etsin".

Qeyd edək ki, Laçın rayonunun işğalı nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər sakin girov götürülüb, 103 nəfər isə əlil olub. Rayonun 6 Milli Qəhrəmanı var. İşğalçı Ermənistan ordusu tərəfindən rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib.

Milli.Az