"Zəngəzur dəhlizi indi bizim nəzarətimiz altındadır"

1 Dekabr 2020 14:54

"Sərhədlərimiz bərpa olundu. Bütün sərhədlərimizə biz artıq özümüz nəzarət edirik".

Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Ermənistan ərzisindən keçən müxtəlif dərəcəli bəzi əhəmiyyətli yollar da hərbi nöqteyi nəzərdən demək olar ki, artıq Azərbaycanın nəzarəti altındadır:

"İndi bir Laçın dəhlizi qalıb ki, orada sülhməramlılar dayanır. Amma o da bizim sərhədlərimiz daxilindədir, bizim tabeçiliyimizə qayıtdı. Çünki bütün hallarda burada da nəzarət funksiyalarını Azərbaycan sərhədçiləri həyata keçirəcəklər. Bu, çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Çünki biz həmişə deyirik ki, bizim sərhədlərimiz pozulub. Təqribən 500 km-ə qədər Azərbaycan Dövlət sərhəddinə indiyə qədər Azərbaycan tərəfindən nəzarət edilmirdi. Bu, böyük rəqəmdir. Bu 500 km-in 132 km-i öncə Azərbaycan-İran sərhəddindən bərpa edilmişdi, qalanları isə digər ərazilərimizin işğaldan azad edilməsi ilə qaytarıldı.

Bu, böyük bir hərbi-siyasi üstünlükdür

Azərbaycan artıq geosiyasi, geostrateji baxımdan və hərbi strateji baxımdan öz vəziyyətini möhkəmləndirib. Bu sərhədlər adi sərhədlər deyil. Baxın, Gorus istiqamətində və yaxud Zəngəzur istiqamətində olan sərhədlərimizi götürsək, onlara nəzarət ümumiyyətlə Zəngəzuru bizə nəzarətdə saxlamağa imkan verir. Zəngəzur dəhlizi indi ümumiyyətlə bizim nəzarətimiz altındadır. Bu, böyük bir hərbi-siyasi üstünlükdür.

Son vaxtların məlumatlarında qeyd edilir ki, ermənilər Gorus ərazisində aeroport tikiblər. O aeroportun bir hissəsi ümumiyyətlə Azərbaycan tərəfinə düşür. Ermənistan tərəfindən müxtəlif dərəcəli əhəmiyyətli yollar keçir ki, o yollar Ermənistanın mərkəzini Mehri, Gorus və Azərbaycanla sərhədə yaxın digər məntəqələrlə birləşdirir. Bu yollar hərbi nöqteyi nəzərdən demək olar ki, Azərbaycanın nəzarəti altındadır. Düzdür, biz heç kəsin ərazisinə göz dikməmişik, niyyətimiz də yoxdur. Amma bu amil bizə imkan verir ki, öz təhlükəsizliyimizi daha effektli qoruyaq. Çünki biz bilirik ki, düşmənin məkrli planları indi də var, həmişə olacaq. Onların təxribatçı əməllərinin qarşısını almaq üçün bu nəzarətin əhəmiyyəti çox yüksəkdir.

Biz sonra biləcəyik ki, hansı sərvəti geri qaytarmışıq

Laçın rayonu çox vacib rayondur. 1800 km/kv-dən çox ərazini əhatə edir. Eyni zamanda orada Qarabağ Ovalığı var. Qarabağ Ovalığı böyük bir coğrafi yerdir. onun şimal hissəsi Kəlbəcər rayonunun payına düşür, cənub hissəsi isə Laçının payına düşür. Beləliklə, biz bütün ovalığı, böyük bir coğrafi ərazini geri qaytarmış olduq. Ora istər zəngin təbiəti ilə, istərsə də faydalı qazıntıları ilə bol olan bir yerdir. Bu ərazilərin əhəmiyyətini biz hələ bundan sonra dərk edəcəyik. Çünki insanlarımız öz yurdlarına qayıdandan sonra, sərvətlərimizə tam yiyə durandan sonra, inkişaf prosesi gedəndən sonra biz görəcəyik ki, hansı sərvətə malikik və hansı sərvəti geri qaytarmışıq".

Təhməz Əsədov
Milli.Az