Avropada kütləvi vaksinasiyaya hazırlıq

30 Noyabr 2020 21:59

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen koronavirusa qarşı mübarizədə, nəhayət ki, tunelin sonunda işıq göründüyünü bəyan edib.

Ursula Fon der Lyayen bunu deyəndə virusa qarşı vaksin sınaqlarının uğurla nəticələndiyini nəzərdə tutur.

Novator.az saytı "Euronews" kanalına istinadla xəbər verir ki, Ursula Fon der Lyayen Avropada kütləvi vaksinasiyaya hazırlıq görülməsinə çağırıb: "İndi ən vacibi budur - vaksinasiya. Avropa Birliyinə üzv dövlətlər buna hazır olmalıdır. Biz milyonlarla inyeksiyadan danışırıq. Vaksinasiya üçün mərkəzlər təşkil edilməli, bu işi həyata keçirəcək əməkdaşlar hazırlanmalıdır. Bütün bunlar tez bir zamanda hazır olmalıdır".

Avropa Dərman Agentliyinin direktoru Emer Koki bildirib ki, o, vaksin sınaqlarının uğurlarından çox ümidlənib və vaksinasiyaya başlamaq üçün işlərin qaydasında getdiyinə əmindir.

Emer Koki vaksinasiyaya yeni ilədək başlanacağını güman edir.

Dərman istehsalçıları bəyan ediblər ki, tənzimləyici orqanlar lisenziya verən kimi vaksin dozalarını qablaşdırıb istehsala buraxacaqlar.

Avropada bu prosesə həm də virusun yayılmasının yeni dalğasının (üçüncü dalğa) qarşısını almaq məqsədilə tələsirlər. Çünki yeni il bayramları zamanı insanlar arasında təmaslar istər-istəməz artacaq, bu isə üçüncü dalğanın ortaya çıxmasına səbəb ola bilər.

Hazırda dünyada koronavirusa qarşı bir sıra peyvəndlər sınaqdan keçirilir. Bunlardan ən məşhurları ABŞ-ın "Pfizer" şirkəti ilə Almaniyanın "BioNTech" şirkətinin birgə hazırladığı vaksin, həmçinin ABŞ-ın "Moderna" şirkəti ilə Böyük Britaniyanın "Oxford/AstraZeneca" şirkətinin ayrı-ayrılıqda hazırladığı vaksinlərdir. Bu vaksinlər könüllülərər üzərində sınaqdan keçirilir. İndiyə qədərki sınaqlar zamanı "Pfizer"-"BioNTech" və "Moderna" şirkətlərinin vaksinləri 90 faizdən çox, "Oxford/AstraZeneca" şirkətinin vaksini isə 70 faiz effekt verib. Hələ ki, heç bir şirkət öz vaksinini kütləvi istehsala buraxmaq üçün rəsmən lisenziya almayıb.

Milli.Az