Yaralı olduğu halda əsgər yoldaşını xilas edən qazi: "Bütün əsgərlərimiz qorxmadan, şir kimi döyüşürdü" - FOTO

30 Noyabr 2020 08:26

Döyüş meydanında qəhrəmanlıqlar göstərən igid Azərbaycan oğullarının şücaətləri dillərə dastan oldu. Torpaqlarımızı işğaldan azad etmiş Vətən oğullarının hər birinin döyüş yolu, müharibə xatirələri var. Onların keçdiyi bu şərəfli yol olduqca maraqlı və qürurvericidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov rayonun Bozalqanlı kəndində yaşayır. O Vətən müharibəsinə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir kəndlərindən onlarla dost-tanışının döyüşlərə getdiyini eşidəndə evdə otura bilmədiyini deyib.

Qazi Bədir Süleymanov torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin bir səbəbi kimi isə əsgərlərin döyüş ruhunun həddindən artıq yüksək olmasını göstərir: "Ordumuzda əhval-ruhiyyə çox yüksək idi. Bu, elə bil inam yaradırdı ki, erməni ilə üz-üzə gələndə onların biri bizə ancaq 5-10 güllə ata bilərdi, sonra isə avtomatı tullayıb qaçırdı. Onda bilirdik ki, qalib gəlirik və düşməni qovmağa başlayırdıq... Bütün əsgərlərimiz qorxmadan, şir kimi döyüşürdü. Şükür ki, biz qalib gəldik. Prezidentimizin tutduğu yumruq kimi bir olduq, birlikdə qalib gəldik".

Fizuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, yaralı əsgər yoldaşını da döyüş meydanından çıxararaq onu xilas edib.

Bədirin iki körpə övladı var. Atalarının gəlişinə ən çox sevinən də elə onlardır. Qazimizin anası Aybəniz Salmanova isə övladı ilə fəxr etdiyini deyir: "Bədir mənim fəxrimdir. Müharibə başlayanda mənə zəng edib dedi ki, könüllü olaraq cəbhəyə gedirəm. Mən onun övladlarının yanına gəldim. O, cəbhəyə yollandı, Xocavənddə yaralandı. Gələndə onu qəhrəman oğul kimi qarşıladım. Mən ordumuzla, Prezidentimizlə fəxr edirəm. Çünki xalqımız, ordumuz dövlətimizin başçısının ətrafında bir yumruq kimi birləşərək düşməni əzdi, torpaqlarımızı işğaldan azad etdi".

Əlindən yaralanan Bədir sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olan igid hərbçimiz sağalan kimi silahdaşlarının yanına qayıdacağını deyir.

Milli.Az