Payız mövsümündə C vitamini ilə zəngin qidalar daha çox qəbul edilməlidir

28 Noyabr 2020 22:25

Havanın dəyişkənliyinə orqanizmin müxtəlif cür müqaviməti olur. İmmuniteti nəzarətdə saxlamaq üçün ən yaxşı yol düzgün və sağlam qidalanmadır.

İnfeksion xəstəliklərin yayıldığı dövrdə nə ilə və necə qidalanmağa diqqət yetirmək, yəni orqanizm üçün lazım olan gündəlik karbohidrat, zülal, yağ balansını təmin etmək, vitamin və minerallarla zəngin olan qidalara üstünlük vermək lazımdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "A, C və E vitaminlərinin çoxluq təşkil etdiyi qidalar antioksidantlarla zəngindir və bu da orqanizmdə sərbəst radikallarla mübarizə rolu oynayır. Toyuq, balıq və süd məhsullarında, E vitamini ilə daha çox zəngin olan çərəzlərdə çoxlu antioksidant maddələr var. Payız mövsümündə S vitamini ilə zəngin qidalar rasiona daha çox əlavə edilməlidir. Portağal, qreypfrut, mandarin, limon və digər sitrus meyvələri bu mövsümdə daha çox qəbul edilməlidir. Sağlamlıq üçün vacib hesab edilən protein yumurta, ət məhsulları və pendirdə daha çoxdur. Balıq məhsulları isə Omeqa-3 turşusu ilə zəngidir".

Onun dediyinə görə, Omeqa-9 daha çox zeytun yağının tərkibində olur. Çalışmaq lazımdır ki, ilin bütün fəsillərində zeytun yağından istifadə edilsin. Eyni zamanda yaşıl tərəvəzlər, süd və süd məhsulları də qida rasionunda əsas yer tutmalıdır.

Şəkər immuniteti zəiflədən qidadır və ona görə də şirniyyatdan mümkün qədər az istifadə olunması məsləhətdir. Gün ərzində çoxlu maye qəbul edilməsi də orqanizm üçün xeyirlidir.

Milli.Az