Bir vaxtların məşhur müğənnisi Şamo İsayev: "Hamı məni unudub"

9 Yanvar 2012 14:45
Milli.Az xəbər verir ki, Trend Life-ın əməkdaşı bir vaxtlar adı Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Qədir Rüstəmov kimi şəxslərlə yanaşı çəkilən Şamo İsayevi axtarıb tapıb. Məlum olub ki, o, səhhətindəki problemlərə baxmayaraq, köhnə sənətilə məşğuldur.

"1996-cı ilin sonlarında gözlənilmədən xəstələndim. Qrip ayaqlarımda problem yaratdı və müalicəyə başlamalı oldum. Bundan sonra fəal yaradıcılıqla məşğul ola bilmədim. Son 12 ili Bakı restoranlarından birində çıxış edirəm. Musiqiçilərlə yanaşı əyləşərək xalq mahnıları, muğamlar, təsniflər ifa edirəm", - deyə Ş.İsayev bildirib.

Efirlərdə, KİV-də görünməməsi, heç bir fəxri adının olmaması haqda sualı Ş.İsayev belə cavablandırıb: "Yəqin, hamı məni unudub. Efirdə son dəfə bir neçə il əvvəl - "Ay Zaur" verilişində olmuşam".

Toy biznesi haqda da danışan ifaçı bildirib ki, toylarda əvvəlkitək böyük hörmətlə qarşılanır: "Toy ifaçını əsl ifaçı edir. Bu, böyük məktəbdir. Toy görməmiş ifaçı mükəmməl müğənni ola bilməz. Mən heç zaman fonoqramla oxumamışam və bu gün də 5-6 saat canlı ifa etmək iqtidarındayam".

Milli.Az