Gürcüstanın dövlət qulluqçularının 80 faizi məsafədən iş rejimində çalışacaqlar

27 Noyabr 2020 12:56

Gürcüstanda epidemioloji vəziyyət heç də asan deyil, çətindir, lakin idarə olunandır. Hökumət vəziyyəti nəzarətdə saxlamaq üçün bütün mümkün tədbirləri görür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə söyləyib.

Baş nazir deyib ki, sentyabr ayında siyasi proseslərə görə pandemiyanın idarə edilməsində bəzi güzəştlərə gedilib. İndi əsas vəzifə Gürcüstanı epidemioloji vəziyyət baxımından avqusta qədər olan səviyyəyə qaytarmaqdır. Bunun üçün bəzi məhdudiyyətlər tətbiq olunacaq. Bu məhdudiyyətlərdən biri də dövlət qulluqçuları ilə bağlıdır.

Onun sözlərinə görə, noyabrın 28-dən fevralın 1-dək dövlət qulluqçularının 80 faizi məsafədən (distant) iş rejimində fəaliyyət göstərəcək.

O, bütün şirkətlərə əməkdaşlarını mümkün olduğu qədər uzaqdan iş rejiminə keçirməyi tövsiyə edib.

G.Qaxaria növbəti iki ay müddətində 70 yaşdan yuxarı olan şəxsləri ciddi zərurət yaranmayacağı halda evdən çıxmamağa çağırıb.

Milli.Az