Şamaxıda yaşayış yerini tərk edən dörd COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb - FOTO

26 Noyabr 2020 11:24

Şamaxı Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Şamaxı rayonu Sabir qəsəbə sakini K.Mahmudovun, İkinci Çaylı kənd sakini F.Şirinovun, Şamaxı şəhər sakinləri R.Dəmirov və A.Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etmələri tapşırılıb. Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.

Keçirilən müvafiq tədbirlərlə onların rayon ərazisində olduqları yer müəyyən olunub və əraziyə həkim briqadası dəvət olunub. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara geri qaytarılıblar.

Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində həmin 4 nəfər barəsində cinayət işi başlanılıb.

Milli.Az