Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi... - Şəhidlə olmayan müsahibə - VİDEO

25 Noyabr 2020 21:59

Azərbaycan şairi Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material İnqilab Qədirbəyliyə həsr edilib ...

Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi...

- Salam, İnqilab. Sənin gəlməyini gözləyirdim əslində...

- Salam! Doğrudan gözləyirdiniz? Niyə?

- Çünki səninlə məhz sevgidən danışmaq istəyirdim.

- Nə gözəl, danışaq əlbəttə!

- Uzaqdan başlayım. Kitab dükanında işləyirdin?

- Bəli, qohumumun dükanı idi, mən də kitab oxumağı sevirəm. Amma boş vaxtım olanda, mənimki telefondu və ya kompüter. İnternetdə nə isə axtarmaq, sonra telefonda yeni proqramlar qurmağın həvəskarıyam. İndi də internetsiz qalacağam (gülür).

- İnqilabın Qəmzəsi var imiş?

- Nə bildiniz? Heç kimə demirdim, amma o qıza vurulmuşdum (gülür).

- Necə oldu tanış oldunuz?

- Heç, adi tanışmaq keçdi qeyri-adi bir sevgiyə... Siz sevgiyə inanırsınız? Bilmirsiniz, Qəmzə məni gözləyib?

- Hər iki suala hə desəm necədir? Belə deyim, mən İnqilabın Qəmzəsinə Məcnunun Leylisi kimi inanıram. Eşq hər şeydən üstündür.

- Hə, heyif, alınmadı, o qədər ona ailəmdən danışmışam ki, hamını tanıyır...

- Elədir ki, var. Qəmzə sizə gəlib sizinkilərlə tanış oldu...

- Doğrudan? Ay aman, qız deyil e qızıldır (gülür). Mən ona noyabrın birində zənq vurdum, elə atamgilnən də həmin gün zəngləşdim. Dedim haqqınızı halal eləyin, Şuşaya hucuma gedirəm... Bizi otuz nəfər seçdilər, mən də onların içində...

- İnqilab, həmin hucuma İsmayıl da getdi...

- Hə, İsmayıl buralardadır, amma o hücumdan qayıtmadı, mən isə noyabrın doqquzunda artıq Şuşanın azad olmağını qeyd edirdim...

- Bəs necə oldu?...

- Qəlpə! Qələbəyə üç saat qalmış! Eeeh, dünya dünya...

- Darıxacaqsan?

- Sözün düzü hə... Atama sarıla bilmədim, anamı öpüb qucaqlamadım, Qəmzənin incə əllərinə üzük taxa bilmədim... Amma eybi yox, Vətən sağ olsun.

- Mən də sənin üçün darıxacağam...

- Darıxmayın, təki salamat galın, qalanı düzələndir... Mən sizə bir şey deyim, şəhidlər Allah tərəfindən seçilir...

Milli.Az