"Kəlbəcərin işğaldan azad edilməsi strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir" - Alim

25 Noyabr 2020 18:39

Kəlbəcər rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün həm strateji, həm siyasi, həm də iqtisadi baxımdan böyük qələbədir.

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, tarixi-coğrafi baxımdan Kəlbəcər hər zaman Azərbaycan ərazisində formalaşmış dövlətlərə bağlı olub. Bu mənada ərazi Qarabağ-Gəncə-İrəvan üçbucağında körpü rolunu oynayıb. Müasir dövrdə isə Kəlbəcər Azərbaycanla Ermənistan adlandırılan ölkə arasında təbii bir qaladır:

"Hərbi mütəxəssislərin də fikirləri bundan ibarətdir ki, Kəlbəcərin hərbi yolla ələ keçirilməsi həddindən artıq çətindir və böyük resurslar tələb edir. Kəlbəcərin müharibəsiz azad edilməsi Azərbaycanın və birbaşa Ali Baş Komandan İlham Əliyevin siyasi qələbəsidir. Bu, həm BMT tərəfindən qəbul edilmiş qətnamənin icrası, həm 1990-cı illərin əvvəllərində siyasi-hərbi idarəçilikdə yaranmış xaos səbəbindən buraxılmış səhvlərin düzəldilməsi, həm də Dağlıq Qarabağ münaqişəsinin İlham Əliyev tərəfindən irəli sürülən hərbi-siyasi yolla həllinin ən doğru yol olduğunun göstəricisidir".

İqtisadi baxımdan da Kəlbəcərin əhəmiyyətini misilsiz sayan E.Kəlbizadə əlavə edib ki, müasir dünyada dövlətlər enerji resursları ilə yanaşı, su ehtiyatları uğrunda da amansız mübarizə aparırlar.

Kəlbəcər ərazisinin həm şirin, həm də mineral su ehtiyatları ilə zəngin olduğunu qeyd edən alim əlavə edib ki, Tərtər çayı, Bazarçay, Xaçınçay, Böyük və Kiçik Alagöllərin Azərbaycanın nəzarətinə qaytarılması bizə su ehtiyatları məsələsində xeyli yeni imkanlar açır:

"Məlumdur ki, bu ilin yay aylarında su ehtiyatları ilə bağlı problemlər meydana çıxanda işğal olunmuş ərazilərdəki qondarma rejim və Ermənistan Azərbaycanı çayların qarşısının alınması ilə təhdid edirdi. Artıq bu təhdid aradan qalxmış oldu".

E.Kəlbizadə Kəlbəcər rayonunun ərzaq təhlükəsizliyi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb:

"İşğaldan sonrakı dövrdə Azərbaycanda yarımköçəri heyvandarlıq təsərrüfatlarına ciddi zərbə dəymişdi. Kəlbəcər ərazisindəki yaylaqlardan, Alp çəmənliklərinin imkanlarında istifadə edə bilməyən heyvandarlar sürüləri yay vaxtı digər bəzi dağlıq rayonlarının o qədər də geniş olmayan yaylaqlarına aparmaq məcburiyyətində qalırdılar. Bu isə heyvandarlığın inkişafına istər-istəməz öz mənfi təsirini göstərirdi. Bu baxımdan da hesab edirəm ki, Kəlbəcər rayonu keçmiş şöhrətini özünə qaytaracaq".

Alimin fikrincə, Azərbaycan dövləti Kəlbəcərin həm də turizm ehtiyatlarından səmərəli istifadə edəcək və bura Qafqazın əsas turizm mərkəzlərindən birinə çevriləcək. Azərbaycan Albaniyasına aid olan xristian məbədləri, İslam mədəni irsinin nümunələri, qalalar, körpülər burada tarixi turizmin, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları müalicə turizminin, rayonun aşıq sənətinin mərkəzlərindən biri olması mədəni turizmin, yüksək dağ zirvələri dağçılığın inkişaf etdirilməsinə imkan verəcək.

Milli.Az