"Partladılan o qatarda sinif yoldaşım rəhmətə getdi" - İllər sonra etiraf etdi

24 Noyabr 2020 19:27

"Durduğum yerdə gözlərim yaşarır, sevincdən ağlayıram. Duyğular bir-birinə qarışıb. Gözümün yaşı dayanmır. Həm sevinirəm, həm də... Bu, ağrılı sevincdir, elə-belə deyil".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Onların səsi" proqramında deyib. Müğənni Vətən müharibəsindən, qələbədən bəhs edib:

"Dilimizdə əsgərlərimiz üçün duadır, onları böyüdüb cəbhəyə yola salan analara təşəkkür edirik. Elə bir tarixi səhifənin şahidi olduq ki, gələcək nəslə danışacağıq. Deyəcəyik ki, baxın, bu torpağın hər qarışında şəhid qanı var. Gələcək nəslə bunu unutdurmamalıyıq".

Məmmədova məşhur "Məktəb illəri" mahnısının oxuma səbəbini illər sonra etiraf edib:

"30 ildə bizim illərimiz, yaşanmamış uşaqlığımız, gəncliyimiz getdi. "Məktəb illəri"ni niyə ürəkdən oxuduğumu bilirsiz? Oxuduğum 272 nömrəli məktəb şəhid Etibar Cəlilovun adınadır. Etibar məktəbi bitirən kimi silah götürüb müharibəyə getdi və şəhid oldu. Anası gözümüzün qabağında qocaldı. Ermənilərin 20 yanvarda partlatdığı qatarda sinif yoldaşım rəhmətə gedib. Ona görə mən o mahnını ürəkdən oxumuşam. Yaşanmamış məktəb illəri. O qədər gözəl günlər yaşayacağıq ki, bunları unudacağıq".

Milli.Az