Bakıda ağır cinayəti gizlətməkdə ittiham olunan şəxsə bəraət verildi - FOTO

24 Noyabr 2020 17:59

Bakının Xətai rayonunda qətl hadisəsinin iştirakçısı olmuş Nazim Rəşid oğlu Eminovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Nazim Eminovun günahsız olduğu sübuta yetirilib.

Bu barədə Nazim Eminovun vəkili Ənnağı Məmmədli sosial şəbəkədə yazıb:

"Müdafiəçisi olduğum təqsirləndirilən şəxs Eminov Nazim Rəşid oğlu barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi başlanmışdı. Gərgin keçən istintaqın sonunda Nazim Eminova Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə yenidən ittiham elan olundu. Bu gün Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədirliyi ilə keçirilən məhkəmə iclasında Nazim Eminov barəsində bəraət hökmü çıxarıldı".

Qeyd edək ki, ötən il dekabrın 27-də, i saat 08 radələrində Səməd bəy Mehmandarov küçəsi, 74 saylı binanın qarşısında öldürülən şəxs 45 yaşlı Xəyal Cəfərov olub.

Xəyal Cəfərovun bacanağı Kamran Mahmudov tərəfindən qətlə yetirildiyi məlum olub.

Xəyal Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub.

Bildirilib ki, Kamran Mahmudov arvadını bacanağına qısqanıb və onunla məsələni həll etməyə gəlib.

Bu zaman o, özündə olan silahla bacanağını vurub.

Kamran Mahmudov arvadını bacanağına qısqanıb və onunla məsələni həll etməyə gələndə, mənəvi dəstək üçün Nazim Eminovu da özü ilə gətirib.

İstintaq orqanı tərəfindən Kamran Mahmudovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İstintaq zamanı Nazim Eminov qətl hadisəsində ittiham olunsa da, sonradan iş ayrıca icraata götürülüb.

İstintaq Nazim Eminovun barəsində Cinayət Məcəlləsinin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham verilib.

Milli.Az