Vətən Müharibəsində ad çıxaran zirehli texnika - Otokar Kobra

26 Noyabr 2020 22:00

İkinci Qarabağ Müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu.  Ən müasir döyüş texnikalarından istifadə edən əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı.

Milli.Az ted.az-a istinadən bildirir ki, haqqında çox danışılan, ikinci Qarabağ savaşında ad çıxaran döyüş texnikalarından biri də "Marauder" və "Otokar Kobra" zirehli avtomobilləri oldu.

Dağlıq ərazilərdə yüksək manevr imkanları və şəxsi heyəti qoruma qabiliyyəti ilə özünü sübut edən "Otokar Kobra" Türkiyə istehsalıdır.

Ağırlığı 6200 kq olan bu döyüş kəşfiyyat avtomobilinin sürəti 115 km/saatdır. Hündürlüyü 2,1 metr,  uzunluğu 5,23 , eni isə 2,2 metrdir.

Avtomobil silahlı qüvvələrin zirehli təkərli vasitəyə ehtiyacı istiqamətində ən uyğun həlli təmin etmək üçün istehsal olunub.

Kobra yaxşı ballistik qoruma ilə yanaşı, eyni platformanın fərqli vəzifələrə adaptiv olması ilə tanınır. Oxşar gövdə və infrastruktur üzərində hazırlanıb. Fərqli istifadə məqsədləri üçün hazırlanmış maşınlarda belə, ana quruluşun eyni qalması baxım, təmir və ehtiyat hissə baxımından qənaətə şərait yaradır.

İlk dəfə 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində Gürcüstan Silahlı Qüvvələri tərəfindən istifadə edilib.

Azərbaycandan başqa Peru, BƏƏ, Pakistan, Nigeriya, Qazaxıstan, Gürcüstan da daxil olmaqla, 13 dövlət bu zirehli avtomobilin istifadəçisidir.

Milli.Az