"Anama Şuşanı söz vermişdim" - Şəhid hərbçi ilə olmayan müsahibə

24 Noyabr 2020 10:28

Milli.Az şair Nərminə Məmmədzadənin Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallarını təqdim edir.

Bu material Nurlan Həsənliyə həsr edilmişdir...

Nurlan Həsənli

- Salam, Nurlan.

- Salam. Necəsiz?

- Mən? Heç bilmirəm, amma səninlə danışıramsa yaxşıyam. İnanırsan, nə qədər müsahibə olub, amma "necəsən" sözünü soruşmamışam...

- Niyə?

- Necə soruşum ki?

- İnanın ki, heç birimiz pis demərik o boyda müharibə keçmişik, qələbə qazanmışıq! Qələbədir e, qələbə deyirəm sizə! Anama Şuşanı söz vermişdim.

- Bilirəm... Danışıb mənə...

- Necədir anam? Ağlamasın, fəxr etsin. Mən əvvəllər fikirləşidrim ki, gənc nəslin vətənə sevqisi yoxdur. Amma mən nələr gördüm, necə sevqi gördüm! Bir olmaq lazımdır, bir! Biz hamımız bu dünyanı tərk edəcəyik, amma özümüzlə nə apara bilərik ki? Namus, qeyrət, vətənə sevgi.

- Bəs başqa sevgi sayılmır?

- Təbii sayılır, amma insanda vətənə qarşı sevgi yoxdursa, elə insanlara da sevgisi olmaz. İnanmıram.

- Nurlan, anan dedi ki, sən altı aylıq olanda Şuşadan qaçmısınız.

- Hə, anam Xankəndidə tibb bacısı işləyirdi, sonra ermənilər bizimkiləri çox sıxışdırdılar, ailəm köçdü Şuşaya, sonra da Bakıya. Cəbhədən anama zəng vuranda deyirdim, ay ana, bəs Şuşanı istəmirdin? Deyirdi: istəyirəm.

- Nurlan, darıxmırsan bu həyat üçün?

- Ailəm üçün darıxıram sözsüz. Nurgül balam üçün, Məhəmməd üçün. Onların o qoxusu var e, darıxacağam ... Amma onlar böyüyəndə başlarını həmişə dik tutacaqlar, ataları onlar üçün qələbə gazanmağa getmişdi (gülümsəyir).

- Nurlan, həmişə hərbçi olmaq istəyirdin?

- Əlbəttə, elə anama deyirdim ki, formamı heç kimə verməsin, vaxt gələndə geyinəcəyəm. Vaxt da gəldi çıxdı... (gülümsəyir)

- Nurlan, nə isə demək istəyərdin?

- Nə deyim, vallah... Şəhidlər ölməz, biz hamımız sizləri izləyirik, vətənimizə yaxşı baxın! (Gülür) Gedım mən!

- Əlvida, Nurlan...

Milli.Az