"Rusiya istəyinə nail oldu"

23 Noyabr 2020 16:09

"Açıq şəkildə etiraf etmək lazımdır ki, əgər Rusiya doğrudan da Ermənistana siyasi, xüsusilə də hərbi dəstək göstərsəydi bu münaqişənin nəticələri tamam başqa olardı".

Bunu Milli.Az-a açıqlamasında professor, konfiliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, Rusiya və Türkiyə bu münaqişənin həllində faktiki olaraq aparıcı rol oynadılar:

"Rusiyanın Ermənistana bu münaqişə zamanı dəstəyindən söhbət gedə bilməz. Bəli, Fransa çox təəssüf olsun ki, Ermənistana bu münaqişə müddətində siyasi dəstəyini göstərmiş oldu. Amma bizim qonşu dövlətlərin - Rusiya və Türkiyənin konstruktiv mövqeyi ona şərait yaratdı ki, bölgədən uzaq olan ölkələr, ilk növbədə Fransa, bir sıra Avropa ölkələri, o cümlədən ABŞ-da müəyyən siyasi dairələr bu prosesdə Ermənistana real dəstəyin verilməsinə nail ola bilmədilər və nəticədə bölgədə yerləşən ölkələr, Rusiya və Türkiyə bu münaqişənin həllində faktiki olaraq aparıcı rol oynadılar. Bu, danılmaz bir həqiqətdir, çünki artıq bəyannamənin müəllifi də görünür ki, üç tərəfdir - Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş naziri. Eyni zamanda Rusiyanın sülhməramlı missisyasına Türkiyənin də dəstəyinin verilməsi amilini də qeyd etməliyik. Türkiyə Prezidenti də bu barədə dünən fikir bildirdi ki, "Biz iki ölkə olaraq Rusiya və Türkiyə bu işdə həlledici razılaşmanın əldə olunmasında iştirak etdik". Bu gün biz real olaraq bölgədə aparıcı dövlət kimi Rusiya və Türkiyəni görürük. Onların vasitəçiliyi ilə, onların səyləri nəticəsində bu razılaşma əldə olundu".

E.Məmmədov onu da qeyd edib ki, bu prosesdə Rusiyanın mövqeyi sülhməramlı missiyaya rəhbərlik etməkdən ibarət idi, ona da nail oldu:

"Azərbaycanın Ermənistan üzərində hərbi nöqteyi nəzərdən qələbəsi o qədər açıq-aşkar görünür ki, yəni, Azərbaycanla Ermənistanın bütün istiqamətlər üzrə potensialları müqayisə olunası deyil. Faktiki olaraq bizə şərait yarandı ki, biz təkbətək Ermənistanla müharibə aparaq və öz üstünlüyümüzü rahat şəkildə göstərdik. Burada Azərbaycan tərəfə hansısa xarici hərbi dəstəkdən söhbət gedə bilməz. Ona görə də real mübarizə çərçivəsində Azərbaycan Ermənistan üzərində tam şəkildə qələbə qazanmış oldu. Obyektiv danışmaq lazımdır, bu prosesdə Rusiyanın mövqeyi sülhməramlı missiyaya rəhbərlik etməkdən ibarət idi, Rusiya da buna nail oldu.

Azərbaycanın yaxın gələcəkdə inkişafı ilə bağlı biz qonşu ölkələrlə konstruktiv əməkdaşlığa nail olmalıyıq. Biz Ermənistanın işğalçı siyasəti üzərində tam şəkildə bütün istiqamətlər üzrə qələbəmizi qazanmışıq. Belə olanda bundan sonra biz regionda dayanıqlı və qabaqlayıcı iqtisadi, bütövlükdə inkişafın təmin olunmasına nail ola bilərik. Bunun üçün də şübhəsiz ki, ilk növbədə iqtisadi inteqrasiya və regional əməkdaşlığa nail olmalıyıq".

Təhməz Əsədov
Milli.Az