Nəhayətsiz fitri meyil şüaları və vahid yetişmə ünvanı

29 Noyabr 2020 23:55

Bismilləhir-Rahmənir-Rahim!

Məmləkətimiz məsuliyyətli, sınaqlı, zəfərli günləri yaşamaqdadır. Allahdan şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa, şəhidlərimizin ailələrinə səbir diləyirik.

İnsan olma potensialı hər kəsə qoyulub

Artıq neçə müddətdir ki, insantanıma, insanşünaslıq mövzularını əhatə edən bəhslər edirik. İstərdik ki, bu silsiləni davam etdirək.

Mövzumuz - insan və insantanımadır. İnsanın təkamülü barədə danışırıq. Allah hər birimizin içində təkamül üçün böyük imkanlar qoyub. Bizim təkamülümüzün bir hissəsi iradəmizə, ixtiyarımıza, şüurumuza, dərkimizə aid deyil. Allah lütf edib, mərhəmət edib, necə ana bətnində bir təkamül fürsəti qoyub, o cümlədən də dünyaya gəldikdən sonra da özümüz ciddi maneələr yaratmasaq, daxilimizdə böyük bir maddi təkamül yolu qoyub.

Varlığımızın bütün mərhələlərində təkamül yolu qoyulub. Bunların içərisində bir istiqamətini, bizim kimliyimizi, varlığımızı müəyyən edən bir yönünü, potensial olaraq insan olmaq qabiliyyətini bizdə qoyub. Onu şüurlu, iradəli və seçimli qərar verib.

Bizlər bu yola qədəm qoyacağıqsa, insan olma yoluna addım atacağıqsa, camadatdan, nəbatətdən, heyvanatdan fövqə qalxıb insan olma, insan kimliyini yaşama yoluna başlamış olacağıq.

Amma əgər biz bu müstəvidə şüurlu, dərkli, agah, anlayışla, seçimlə, iradə ilə insan olma yoluna qədər qoymasaq, bu zaman tənəzzül edib ya bioloji varlıq həddinə, ya daha da aşağı səviyyəyə enəcəyik. İnsanşünaslıq bəhsinin əhəmiyyəti məhz bu baxımdandır ki, biz özümüzü tanıyaq və özümüzdən öncəki varlıqların fövqünə qalxaq, insan ola biləcək istiqamətə tərəf yönələk.

Əgər daxilimizdəki mühərrikləri doğru tanıya bilsək...

Mövzumuz kamal qəbul edən varlıq olaraq insandır. Biz hər birimiz kamala doğru hərəkət edə bilərik, böyük bir istikmali hərəkət edə bilərik. Bu, şüurla, dərklə, agahlıqla baş verir. Bunun üçün ilk növbədə bilməliyik ki, biz kim ola bilərik, hara ucala bilərik.

Toxunduq ki, bizim içimizdə bu proses, bu mərhələ üçün böyük başlanğıc mühərrikləri var: idraka can atma mühərriki, qüdrətə, bacarmağa can atma mühərriki, eşq, pərəstiş, ləzzətə can atma mühərriki. Bu üç mühərrik - bizim varlığımızı kamala doğru aparan mühərriklərdir.

Bu üç mühərriki doğru-dürüst işə salsaq, o zaman idraka can atmamız, bilgiyə can atmamız bizi doğru ünvana çatdırar.

Əgər bu mühərrikləri doğru işə salsaq - qüdrətə, bacarmağa can atmamız bizi doğru ünvana çatdırar.

Əgər bu mühərrikləri doğru işə salsaq, eşq, pərəstiş və ləzzətə can atma mühərrikimiz bizi doğru ünvana aparıb çıxardar.

İstikmali hərəkətin baş verməsi üçün biz özümüzü tanımalı, mühərriklərimizin həqiqi istedadlarının üzə çıxması üçün nə etməlini anlamalı, özümüzdən kənardakı amilləri anlamalı, bu hərəkətlənmənin hansı şəraitdə daha münbit hala gəlməsini anlamalıyıq.

Ona görə də, məsuliyyətimiz çoxdur. Bu anlamda həm idraka can atma, həm qüdrətə can atma, həm eşq və ləzzətə can atma mühərriki haqqında geniş danışdıq.

İnsanın fitri meyillərinin şüaları

Bu gün növbəti bir mövzu haqqında - insanın fitri meyillərinin şüaları haqqında danışmaq istərdik. Əslində şüa - bir nöqtədən, bir mövzudan, bir yerdən başlayıb sonsuza, nəhayətsizliyə qədər hərəkətlənmə anlamını verir. Bizim içimizdə müxtəlif mövzulardan başlayan və sonsuza, hüdudsuzluğa, nəhayətsizliyə qədər uzanan xətlər var. İçimizdə olan idraka, qüdrətə can atma da, ləzzətə can atma da bu cürdür.

Bunlar hansı xüsusiyyətləri özündə cəmləşdirirlər? Nəhayətsizliyə qədər uzanır. Nə qədər bilsək də, yenə də azdır, yenə də bilməyə can atırıq. Nə qədər qüdrətə çatsaq da, yenə də qüdrətə və bacarmağa can atırıq. Nə qədər ləzzət əldə etsək də, insan yenə də daha şiddətlə ləzzətə can atır.

Mahiyyət etibarilə üç fərqli mövzu olsa da, bu mühərriklərin, insanın içində kamala doğru aparan qüvvələrimizin, meyillərimizin mövzuları fərqli olsa da, bu keyfiyyətləri oxşardır. Üçü də nəhayətsizliyə, hüdudsuzluğa aparır, üçü də sərhəd tanımır, üçü də dayanmaq bilmir, məhdudlaşmaq istəmir.

Əslində insanın arzu və istəklərinin hüdudsuz olması, arzu və istəklərinin məhdudiyyət tanımaması da bununla bağlıdır. Çünki insanın arzu və istəklərini əslində hərəkətə gətirən mühərriklər də bunlardır. İnsan ötərilərlə, məhdudlarla qanelənmir. Çünki, onun daxili fitri mühərrikləri bunları qəbul etmir.

Ona görə də deyə bilərik ki, insanı digər canlılardan fərqləndirən ən mühüm xüsusiyyət və keyfiyyəti budur. İnsan nəhayətsizliyə, hüdudsuzluğa can atır, ötəri, müvəqqəti ilə ödənmir və qanelənmir. Ona görə də biz deyə bilərik ki, başlanğıcları fərqli olan mövzulardan, üç şüa başlanğıc götürür.

İdrak, qüdrət və ləzzət mövzularından üç şüa baş qaldırır, üçü də sonsuz elmi, nəhayətsiz qüdrəti, sonsuz ləzzəti özündə cəmləşdirən bir ünvanda birləşirlər. İnsan olaraq o ünvanı tapsaq, mühərriklərimizi o ünvana yönəltsək - o zaman idraka can atmamız, qüdrətə can atmamız, ləzzətə can atmamız sonsuz idrak sahibinə, qüdrət sahibinə, ləzzət və gözəllik sahibinə qovuşmaqla ödənə bilər.

İnsanda bu üç başlanğıc mövzudan hərəkətə gələn şüalar bir ünvanda cəmlənir. O ünvanda ki, özünün ən sonsuz, ən nəhayətsiz, ən ali, şiddətli, güclü halında mövcuddur. Əgər insan bu ünvanla bağlantı əldə edərsə, yalnız o zaman bu üç mühərriki ödənmiş olar, insanda olan ehtiyacı ödəmə halına gəlib çatar.

İnsanın daxilindəki bütün nəhayətsiz qüvvələr bir nöqtədə kəsişir

Maraqlı cəhət budur ki, varlıq mərtəbəsi nə qədər yuxarıdırsa, vəhdət və bütövləşmə o qədər yuxarıdır. Adi misala nəzər salaq. İnsanın içində olan qüvvələr daha aşağı varlıq mərtəbəsinə düşüncə - bədən və maddəyə düşüncə, görün əzalarda nə qədər paylanır?! Amma daha yuxarı varlıq mərtəbəsinə keçincə - nəfs və insanın "Mən" mərhələsini keçincə, insanda olan qüvvələr nə qədər birləşir, bütövləşir və toparlanır.

O cümlədən deyə bilərik ki, insanın idraka can atması, qüdrətə can atması, ləzzətə can atması - əgər maksimal yuxarı mərtəbələrə gedib çıxarsa, bunlar bir-birlərinə yaxınlaşır və nəhayət bir ünvanda birləşir, bütövləşir. Amma daha aşağı idrak, daha aşağı qüdrət və daha aşağı ləzzətlərə gəldikdə, bunlar nə qədər pərakəndə yerlərdə özünü göstərmiş olur.

Ona görə də deyə bilərik ki, insanın içində olan bütün qüvvələr, bütün istedadlar bir ünvanda bütövləşir, kəsişir, nəhayət olaraq sonsuz elm, sonsuz qüdrət, sonsuz və ali ləzzət və gözəlliklər toparlanan nöqtədə birləşir.

Qürbi-İlahi deyilən ünvan məhz bu ünvandır. Çünki, bu ünvan  heç bir ehtiyacı olmayan, ən ali varlıq, ən ali elmə, qüdrətə, gözəlliklərə malik olan bir Allahda, Rəbbdə toparlanıb. İnsan Rəbbinə yaxınlaşan zaman, Rəbbi ilə birləşən, qovuşan zaman onun idraka, qüdrətə, ləzzətə can atması ödənə bilər. Çünki, bu zaman nəhayətsiz elmə, qüdrətə, ən ali ləzzətə çatmış olur.

Ona görə də deyə bilərik ki, bu üç mühərrikin bir ünvanda cəmləşməsi baş verir. İnsan Allaha bağlantı tapan zaman, Allahınkı olan zaman, Allaha qovuşan zaman idraka can atması, qüdrətə can atması, ləzzətə can atması tam olaraq ödənir. Və yalnız burada tam ödənir. Digər ünvanlar bunu təmin etməkdə acizdirlər.

Qürbi-İlahi nədir?

Qürbi-İlahi məqamı haqqında bir neçə nöqtələrə toxunmaq zəruridir. Qürbi-İlahi məqamında olan zaman, insan öz Yaradanı ilə kamil bağlantı tapır. İnsan özünü Ona bağlayır, özünü Ona aid edir, özünü Onunku görür, Allahın müqabilində özünü heç görür. Bu zaman insan yalnız Allaha məxsus olur. Hətta deyə bilərik ki, özünü bu bağlantıda, rabitədə, qovuşmada görür, bundan kənar anlayır ki, heç nə və heç kimdir.

Əslində insan məhz bu zaman həqiqi kimliyinə çatmış olur. Həmin insan bu mərhələdə bütün başqa varlıqları da Allaha bağlantıda görür. Hər varlığın dəyərini də o qədər verir. Nə qədər Allahla bağlantısı çoxdursa, o qədər həmin kəs onun üçün dəyərli olur. Allahla bağlantısı olan varlıqlara qiyməti daha yuxarı olur.

Əgər insan özünü və bütün varlıq aləmini Allaha bağlantı halında görməyi bacarsa, bu zaman qürbi-İlahini yaşamış olar. Bütün işlərimiz, ibadətlərimiz, həyatımız bunun üçün olmalıdır. İbadətlərimiz zatən qürbətən iləllah, yəni Allaha yaxınlaşmaq üçündür. Bütün digər işlərimiz də, yaşamamız, ruzi dalınca getməmiz, təhsilimiz, işimiz bunun üçün olmalıdır ki, Allahla şüurlu, dərkli, agah bağlantımıza çataq.

Gündə dəfən-dəfən namazlarımızda dilimizə gətirsək də, bəzən təəssüflər olsun ki, əməldə bundan qəflət etmiş oluruq. İnsan bu vəziyyətdə, bu bağlantıda olduqda, o, istər öz varlığını Allahınkı hiss etsə, istərsə də bütün başqa varlıqları da bu cür halda hiss etsə - o zaman öz varlığının tutum dərəcəsinə görə, varlıq qabiliyyətinə görə, imkanları və səviyyəsinə görə bu vəziyyətdən bəhrələnə bilir. Bu halda onun idraka can atması da, qüdrətə can atması, ləzzətə can atması da tutumuna görə təmin oluna bilir.

Bizim bütün həyatımız qürbi-İlahi üçün müqəddimədir

Bizim həyatımızda hər bir şey qürbi-İlahiyə çatmaq üçün müqəddimədir. Təhsilimiz, işimiz, gücümüz - hər şeyimiz bunun üçündür. Əgər qürbi-İlahiyə can atmasaq, əslində insani həyatımıza başlamamışıq. İnsan olaraq, hər birimiz bil-qüvvə qürbi-İlahiyə çatmaq istedadı olan bir varlığıq.

Potensial olaraq qürbi-İlahidə, Allaha bağlantıda ola biləcək bir varlığıq. Amma bir insanlıq təkamülünə, insan olmağa nə zaman başlayırıq? O zaman ki, potensial, bil-qüvvə olan qürbi-İlahiyə çatmaq istedadımızı əməli halda, şüurla, seçimlə həyata keçirməyə başlayaq. Əgər biz bunun fərqində olmasaq, əgər bunu bilməsək, buna can atmasaq - bütün mövcudluğumuz, yaşamağımız insaniyyətdən kənarda olmuş olacaq.

İnsaniyyət və insani təkamül yalnız bu zaman işə düşür ki, biz qürbi-İlahiyə tərəf addım götürək. Hər məsələ və mövzumuz bu olmasa, hətta zahirdə görünməyinə görə bunun üçün olan işlər də bizi insani təkamülə aparmaz. Allah bizə nəsib etsin ki, şüurlu, seçimli halda qürbi-İlahinin mahiyyətini anlayaq və ona doğru addım-addım irəliləyək.

İçimizdə olan üç mühərrik - idraka, qüdrətə, ləzzətə can atmaq bunun üçün qoyulub. Biz bunun üçün yaranmışıq. Biz qürbi-İlahiyə can atmağın şüurlu, seçimli mərhələsinə daxil olmasaq, insanlıq mərhələsinə, kamil insan olmaq mərhələsinə hələ daxil olmamışıq.

Allahım, bizlərə qürbi-İlahiyə çatmaq yolunda səy göstərməni, çalışmanı nəsib et!

Allahım, hallarımızı yaxşıya doğru dəyiş!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az