Bəhreyn qəzeti Azərbaycan diplomatının şanlı Qələbəmiz haqqında məqaləsini dərc edib

21 Noyabr 2020 11:48

Bəhreyn Krallığının "The Daily Tribune-News of Bahrain" qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin "Azərbaycanın Qarabağ müharibəsində Qələbəsi" sərlövhəli məqaləsi dərc edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Azərbaycan Ordusunun 44 günlük döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrini darmadağın etdiyi, tarixi Qələbə qazanaraq torpaqları işğaldan azad etdiyi qeyd olunur. Müəllif əlavə edir ki, döyüş meydanında məğlub olan düşmən yaşayış məntəqələrinə ağır artilleriya və raketlərlə hücum edib.

Məqalədə ordusu tamamilə darmadağın edilmiş və mənəvi cəhətdən sarsıntı keçirən Ermənistanın baş nazirinin noyabrın 10-da kapitulyasiya haqqında bəyanatı imzalaması, Azərbaycanın işğal olunmuş ərazilərini tərk edən ermənilərin mülki obyektləri, infrastrukturu dağıtması, meşələri və yaşayış evlərini yandırması barədə məlumat verilib.

Azərbaycanın 29 ilə yaxın müddətdə Qarabağ problemini danışıqlar yolu ilə həll etməyə çalışdığını diqqətə çatdıran müəllif qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması tələbinə etinasız yanaşan rəsmi Yerevan, eyni zamanda, bu illər ərzində münaqişənin dondurulması və status-kvonun qorunub saxlanılmasına can atıb. Bununla yanaşı, işğalçı ölkə Azərbaycana qarşı hərbi təxribatları da davam etdirib. Sentyabrın 27-də ermənilərin törətdikləri son hərbi təxribatdan sonra əks-həmlə əməliyyatı keçirən Azərbaycan Ordusu 5 böyük şəhəri və 300-dən çox kəndi işğaldan azad edib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Mingəçevir su anbarını da raketlərlə atəşə tutduğu, dinc sakinləri qətlə yetirdiyi, Azərbaycan Ordusunun isə bu vəhşiliklərə döyüş meydanında layiqli cavab verdiyi vurğulanıb.

Milli.Az