2021-ci ildə “OLED” ekranlı televizorların tədarükü 5 milyonu ötəcək

21 Noyabr 2020 21:15

2021-ci ildə dünyada üzvi işıq diodlu (OLED) ekranlara malik televizorların tədarükü 5 milyon ədədi ötəcək. Bu barədə Cənubi Koreyanın "Pulse" nəşrinin "Omdia" tədqiqat şirkətinin proqnozuna istinadən məlumatında deyilir. Analitiklərin fikrincə, artıma pandemiyanın səbəb olduğu azalmadan sonra tələbatın bərpası xidmət edəcək. "OLED TV" bazarında artım "LG Electronics" kimi böyük televizor istehsalçısına və "OLED" panellər tədarükçüsü "LG Display" şirkətinə müsbət təsir göstərəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin hesablamasına görə, 2020-ci ildə buraxılmış üzvi işıq diodlu televizor displeylərinin ümumi sahəsi 16 faiz artaraq 3,35 kvadrat kilometrə çatacaq. Buna "OLED" televizorların artan populyarlığı ilə yanaşı, daha böyük ekranlı TV modellərinin yayılması kömək edəcək.

Proqnoza görə, bu il dünya bazarına 3,3 milyon "OLED TV" çıxarılacaq. 2021-ci ildə isə onların tədarük həcmi 5,5 milyon ədədədək yüksələcək. Bu nəticəyə nail olmaq üçün istehsalçılar hər rüb 1 milyondan çox "OLED" televizor buraxmalıdır.

Nəşrin məlumatına görə, dünyada üzvi işıq diodları əsasında ilk televizor "LG Electronics" şirkəti tərəfindən 2013-cü ildə buraxılıb. 2016-cı ildə "OLED TV" modellərinin ümumi tədarük həcmi 1 milyon ədədi ötüb, 2020-ci ilin sentyabrında isə 10 milyonluq səviyyəyə çatıb.

"OLED TV" istehsalçılarının sayının ildən-ilə artaraq iyirmiyə çatmasına baxmayaraq "LG" bazarın əksər hissəsinə nəzarəti davam etdirir. "Omdia" şirkətinin qiymətləndirməsinə görə, bu il buraxılmış "OLED" televizorlarının ümumi sayının 57,2 faizi "LG" şirkətinin payına düşəcək. 2019-cu ildə göstərici 55,2 faiz səviyyəsində olub. Analitiklər 2021-ci ildə şirkətin mövqelərinin daha da möhkəmlənəcəyini proqnozlaşdırırlar. Onların sözlərinə görə, buna dünyada premium səviyyəli televizorlara artan tələbat kömək edəcək.

Qeyd edək ki, "OLED" panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlarının işığı müstəqil şəkildə şüalandırmasına görə onun işıqlandırılmasına ehtiyac qalmır. "OLED" displeylər nazikliyi, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin baha olması ilə xarakterizə olunur.

Milli.Az