Bakıda Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO

20 Noyabr 2020 13:41

Bu gün Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, aksiya iştirakçıları Fransa Senatında qondarma rejimin tanınması ilə bağlı müraciətin müzakirəyə çıxarılmasına etiraz ediblər.

Aksiyada 13 vətəndaş cəmiyyəti adından Fransanın Azərbaycandakı səfirliyinə müraciət edilib.

Etiraz aksiyasının iştirakçısı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının üzvü Nərgiz Xələf Trend-ə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya və beynəlxalq təşkilatlar tanıyır: 

"Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi olsa da, həmin sənədləri Azərbaycan hərbi gücü hesabına icra etdi. Belə bir halda Fransa Senatının bu cür qondarma məsələyə baxmaq cəhdi Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən etirazla qarşılanır, bu etiraz müraciətimizi səfirlik vasitəsilə Fransa Senatına çatdırmaq istəyirik. Biz istəyirik ki, Fransa Senatında nəinki bu məsələyə baxılmasın, Fransa senatı bu məsələ ilə bağlı münasibət bildirməlidir. Qarabağ Azərbaycandır, Azərbaycan vətəndaş cəmiyyəti də dövlətimizə, xalqımıza və ordumuza həmrəydir".

Milli.Az