"Paşinyanın taleyini Azərbaycan Ordusuna uğradığı məğlubiyyət həll edəcək"

20 Noyabr 2020 12:29

Bu gün Ermənistanda cəmiyyətlə Paşinyan hakimiyyətinin faktiki üz-üzə və qarşı-qarşıya dayanması gedən proseslərin məntiqi nəticəsidir. 

Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, noyabrın 10-da Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənədlərin imzalanması orada çoxdan yığılıb qalmış gərginliyi pik həddə çatdırdı:

"Ermənistanda daxili-siyasi vəziyyətin belə xaotik və gərgin vəziyyətə gəlib çıxacağı əvvəldən bəlli idi. Noyabr ayının 10-da Azərbaycanın Ermənistanı kapitulyasiyaya vadar edən atəşkəsi imzalatması Ermənistanda çoxdan yığılıb qalmış bu gərginliyi özünün pik həddinə çatdırdı. Bu gün Ermənistanı Paşinyanın hakimiyyətindən daha çox xalqın meydanlarda Paşinyana təzyiq məqsədilə başlatdığı etiraz və təzyiq prosesləri və hərəkatı müdafiə edir. Bütünlüklə Ermənistanın daxili ictimai, siyasi həyatında bu gün hegemon qüvvə Paşinyanın hakimiyyəti yox, xalqın etirazlarıdır və Paşinyanın hakimiyyətinin yeni bir hakimiyyətlə əvəzlənəcəyi barədə ictimai inamdır. Faktiki bu gün ölkəni idarə edən Paşinyan və onun komandası deyil.

Ermənistanda cərəyan edən proseslər bugünkü gərginlik və qarşıdurmalar iki mühüm faktorun nəticəsidir. Birincisi, hakimiyyətə gəldiyi 2 il müddətində Paşinyan xalqa verdiyi ictimai, siyasi və sosial, iqtisadi sferaya aid olan vədlərin və platformaların heç birini yerinə yetirə bilmədi. Çox qısa bir müddətdə xalq, əslində, Paşinyanın bu vədləri yerinə yetirmək gücündə və iqtidarında olmadığını anladı. Tamamilə bəllidir ki, Paşinyan hətta Ermənistan II Qarabağ müharibəsində belə biabırçı məğlubiyyətə uğramasaydı belə, Paşinyanın xalqa vəd etdiyi platformaların fiaskoya uğraması Ermənistandakı daxili vəziyyəti bu həddə gətirib çıxaracaqdı".

A.Quliyev onu da qeyd edib ki, Ermənistanın məğlubiyyəti erməni cəmiyyətini Paşinyanın əleyhinə kökləyən və onun üstünə yeriməyə vadar edən ən böyük hadisəyə çevrildi:

"Təkcə bir şeyi deyim ki, Paşinyan hakimiyyətə gəldiyi dövrdə Ermənistanın ordusunu dünyanın 20 ən güclü ordusu və kəşfiyyatı sırasına çıxaracağı ilə bağlı Ermənistan cəmiyyətnə çox hay-küylü bir vəd vermişdi. Təbii ki, bu, özünü doğrultmadı. Verilən vədlərin doğrultmaması Ermənistanda xalqı Paşinyana qarşı qaldıran və kökləyən birinci faktor idi. Sentyabrın 27-dən başlayan müharibə bir daha erməni cəmiyyətini bu qənaətə gətirdi ki, Paşinyanın verdiyi vədlər tamamilə boş bir şey imiş və Azərbaycan Ordusu, həqiqətən, ordu quruculuğunun bütün parametrlərinə malik olan bir qüvvə kimi Ermənistan ordusunu döyüş meydanında məhv etdi. Bir tərəfdən Paşinyanın vədlərinin doğrulmaması, o biri tərəfdən də müharibədə biabırçı məğlubiyyət və Ermənistan ordusunun dağılıb getməsi erməni cəmiyyətini Paşinyanın əleyhinə qaldıran iki ən böyük hadisəyə çevrildi.

Sözsüz ki, Ermənistanın məğlubiyyəti erməni cəmiyyətini Paşinyanın əleyhinə kökləyən və onun üstünə yeriməyə vadar edən ən böyük hadisəyə çevrildi. Bu gün də artıq heç kim şübhə etmir ki, Paşinyanın siyasi hakimiyyətinin taleyini onun Azərbaycan Ordusuyla döyüşdə uğradığı məğlubiyyət həll edəcək. Ermənistanda cəmiyyət Paşinyanı istefaya göndərmək üzərində sıx şəkildə birləşməyə başlayıb, proses gedir. Əgər geosiyasi qüvvələr Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı konkret bir qərarla razılığa gələ bilsələr, Paşinyan hakimiyyətinin süquta uğraması və hakimiyyət dəyişikliyi qaçılmaz olacaq. Ancaq faktdır ki, bu gün Paşinyan ölkəyə nəzarəti itirib. Ölkəni və onun hakimiyyət komandasını idarə edən özü yox, Ermənistanda xalqın etirazlarıdır və xalqın təzyiqidir".

Təhməz Əsədov
Milli.Az