Gəncənin Şəhidlər xiyabanında yenidənqurma işləri davam edir
7 Yanvar 2012 17:41
Milli.Az-ın Kəpəz TV-yə isitnadən verdiyi xəbərə görə, Gəncənin 4 saylı qəbiristanlığında yerləşən Şəhidlər xiyabanında yenidənqurma işləri davam edir.
Yenidənqurma işləri çərçivəsində qəbiristanlıqda şəhidlərin ruhunu əbədiləşdirmək üçün səkkiz güşəli abidənin beton hissəsinin tikintisi artıq yekunlaşıb. Şəhidlər xiyabanında mövcud olan 367 şəhid qəbrindən 332-si artıq hazırdır. Yerdə qalan 35 qəbirin isə sadəcə baş daşlarının quraşdırılması qalıb. Ümumilikdə xiyabanın 4.000 kvadratmetr ərazisində quruculuq işləri aparılır. Xiyabanın 1000 kvadratmetrə yaxın ərazisində Gəncə şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksinin hündürlüyü 18 metrdir. Tikintisi başa çatan abidə
kompleksinin yalnız üzlənmə işi qalıb.
Şəhid məzarları yenidən qurulan zaman qəbirlərin alt hissəsinə Daşkəsən mərməri, üst hissəsinə isə xarici ölkələrdən gətirilən qara mərmər qoyulub. Qəbristanlıqda dəfn edilən 49 naməlum əsgərin məzarı da yeni görkəmə salınıb. Qəbirlər arasındakı cığırlara və qəbristanlığın daxili yollarına isə tamet döşənəcək. Əsaslı şəkildə yenidən qurulan Şəhidlər xiyabanının nə zaman təhvil veriləcəyi isə ərazidə görülən işlərin yekunlaşmasından və hava şəraitindən asılı olacaq.
Gəncə şəhəri Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda 468 şəhid verib.
Milli.Az