"Biz bu qış COVİD-19-a qarşı peyvəndi əldə edə bilməyəcəyik" - Baş infeksionist

20 Noyabr 2020 11:26

COVİD-19-a qarşı peyvəndlə bağlı sınaqlar, yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, artıq dünyada 3-4 ölkə COVİD-19-a qarşı peyvəndlə bağlı 3-cü klinik sınaqlar mərhələsindədir. Bu sınaqlar effektiv qiymətləndirilir:

"Sadəcə olaraq, müəyyən vaxt tələb olunur ki, bu peyvəndlərin effektivliyi və təhlükəsizliyi qiymətləndirilsin. Biz bu qış bunu əldə edə bilməyəcəyik. Bu sınaqlar yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq. Bundan sonra xüsusi komissiya yaradılaraq onlara xüsusi rəy verilməlidir. Yalnız bundan sonra bu peyvəndlərin dünya səviyyəsində istifadəsinə icazə verilə bilər".

Milli.Az