Hava şarı qəzaya düşdü, 11 ölü
7 Yanvar 2012 16:13
Yeni Zelandiyada hava şarının qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub. Anspress The Taranaki Daily News-a istinadən yazır ki, hadisə Yeni Zelandiyanın Vellinqton regionunda baş verib.
Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Uçuş zamanı hava aydın və küləksiz olub. Olay şahidlərinin sözlərinə görə, hava şarı elektrikötürücü xəttə ilişib və yanmağa başlayıb, nəticədə isə hündürlüyünü itirib.
Vellinqtonun Karterton şəhərinin meri Ron Mark deyib ki, hava şarının içində yerli sakinlərlə yanaşı, turistlər də olub. Hazırda həlak olanların şəxsiyyəti müəyyənləşdirilir.
İlkin məlumata görə, qəzaya uğrayan hava şarı Yeni Zelandiyada hava şarlarının uçuşu ilə məşğul olan "Ballooning NZ" firmasına məxsus olub.
Milli.Az