Ağdamda özünüməşğulluq - FOTO

20 Noyabr 2020 11:33

Daha bir rayonumuz - Ağdam erməni faşizminin işğalından azad oldu və bu rayondan olan həmvətənlərimizin də yurd həsrətinə son qoyuldu.

Onların sırasında xeyli sayda özünüməşğulluq proqramı iştirakçıları da var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, indi sonsuz sevinc, qürur hissi ilə dədə-baba ocaqlarına qayıtmağa hazırlaşan həmin vətəndaşlar özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları ailə bizneslərini də Ağdama aparacaqlar. Kiçik ailə təsərrüfat və müəssisələrini öz rayonlarında genişləndirəcəklər.

Düşmən işğal etdiyi yurd yerlərimizdəki infrastrukturu vəhşicəsinə dağıdaraq yerlə-yeksan etsə də, artıq azad günlərinə qovuşan torpaqlarımız, o cümlədən Ağdam yenidən bərpa olunacaq, dirçələcək, abadlaşacaq. Həmin bölgələrdə sosial-iqtisadi həyat yenidən canlanacaq, inkişaf edəcək.

Özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfat və müəssisələr də bu prosesə öz töhfəsini verəcək.

Milli.Az