"Ermənilər işğal altındakı abidələrimizin tam əksəriyyətini yerlə yeksan edib" - İnstitut direktoru

20 Noyabr 2020 09:28

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki dövlət reyestrinə daxil edilən tarix və mədəniyyət abidələrinin tam əksəriyyəti erməni vandalları tərəfindən ya tamamilə məhv edilərək yerlə yeksan edilib, ya da onların 70-80 faiz hissəsi dağıdılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru Ərtegin Salamzadə deyib.

Onun sözlərinə görə, həmin ərazilərdəki dövlət reyestrinə daxil edilən 700-dən çox abidənin 11-i dünya əhəmiyyətlidir.

Ə.Salamzadə işğal altında qalan abidələrin mövcud vəziyyətinin öyrənilməsi üçün onların monitoriqinin aparılmasını vacib sayıb. Bildirib ki, hazırki dövrdə işğal altında qalan bütün abidələrimizin bərpaya ehtiyacı var:

"Hazırda memar və sənətşünas alimlərinin başlıca vəzifəsi abidələrin vəziyyətinin öyrənilməsi üçün mövcud durumun izlənilməsidir. Monitorinq nəticəsində hansı abidələrin tamamilə, hansılarının 70-80 faizinin dağıdıldığı, hansının vəziyyətinin nisbətən yaxşı olduğu müəyyən edilməlidir. Monitorinq əsasında mövcud durumu özündə əks etdirən milli hesabat hazırlanmalıdır".

Qeyd edək ki, işğal altındakı tarixi və mədəniyyət abidələrmizin məhv olması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bu günlərdə Şuşada Bülbülün ev muzeyinin ermənilər tərəfindən dağıdılması ilə bağlı da video paylaşılıb.

Milli.Az