Erməni general: Xalqa yalan danışdıq

19 Noyabr 2020 15:11

"İstənilən dövlətin silahlı qüvvələrində informasiya mərkəzi var ki, onun qarşısına qoyulan tapşırıqlardan biri düşməni yanıltmaqdır. Yəni yalan məlumat, dezinformasiya yaymaqdır. Fəqət, belə prinsip var: 30 faiz dezinformasiya, yerdə qalanı həqiqət. Amma müharibə günlərində bizim Müdafiə Nazirliyinin yaydığı informasiyaların 100 faizindən də çoxu yalan idi".

Milli.Az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi, general-leytenant Movses Hakopyan bu gün İrəvanda deyib.

Onun sözlərinə görə, 44 günlük savaş boyunca Harsrun Hovvanisyan və Şuşan Stepanyan hər gün yalan danışdıqları, erməniləri əsassız olaraq "qələbəyə kökləyən" dezinformasiyalar yaydıqlarına görə ermənilər Qarabağ anlaşmasının niyə imzalandığını, Ermənistanın niyə kapitulyasiya etdiyini hələ də anlaya bilmirlər.

Məhəmməd Vaqif
Milli.Az