Qurban Qurbanov: “Gözləmə mövqeyində olmalıyıq, başqa şansımız yoxdur”

19 Noyabr 2020 15:24

"İtkilərimiz əsasən müdafiəçilərdir. Birdən-birə 4 əsas müdafiəçinin sıradan çıxması nadir hallarda olur".

Milli.Az bildirir ki, bunu apasport.az saytına açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan yığmasının heyətində olarkən Rahil Məmmədov və kapitan Maksim Medvedevin koronavirusa yoluxmasına, digər müdafiəçilər Abbas Hüseynovun Monteneqro, Bədavi Hüseynovun isə Lüksemburqla Millətlər Liqası matçında zədələnməsinə münasibət bildirib.

Qurbanov sıx qrafik öncəsi 4 arxa xətt oyunçusunu itirməyin onları çətin duruma saldığını söyləyib: "Bizim üçün gözlənilməz situasiya oldu. Üstəlik, bunun indiki dönəmdə yaşanması çox pisdir. Olduqca sıx qrafikimiz var, yığmanın çıxışı ilə bağlı yaranan fasilədən sonra yenidən 3-4 gündən bir oyun keçirəcəyik. Çox vacib matçlar olacaq. Belə vəziyyətdə bu futbolçuların olmaması ciddi itkidir".

48 yaşlı çalışdırıcı növbəti görüşlərdə müdafiədə kimlərə şans verəcəyini məşqlərə əsasən müəyyənləşdirəcəyini vurğulayıb: "Bir neçə gündən sonra artıq oyun qrafikimiz başlayır. Bu mövqelərdə kimləri oynadacağıq, hansı qərarları verəcəyik, bunu indidən demək çətindir. Məşqlərdə bunun üzərində işləyəcəyik. Ancaq gözləmə mövqeyində olmalıyıq, başqa şansımız yoxdur. Yenə də öz oyun nizam-intizamımızı qorumağa çalışacağıq".

Qeyd edək ki, noyabrın 21-də Premyer Liqanın X turu çərçivəsində "Sumqayıt"la qarşılaşacaq "Qarabağ" ayın 26-da Avropa Liqasının IV turunda İstanbulda "Sivasspor"u qəbul edəcək.

Milli.Az